Sahibə Qafarova beynəlxalq sammitdə erməni işğalının Azərbaycan ailələrinin həyatına dağıdıcı təsirləri barədə danışıb

0

“Erməni işğalı Azərbaycan ailələrinin həyatına dağıdıcı təsir göstərib. 12 mindən çox insan bu işğalın qurbanı olub”. Bunu bu gün Macarıstanda keçirilən 5-ci Budapeşt Demoqrafik Sammitində çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova deyib. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Spikerin sözlərinə görə, Ermənistanın 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı nəticəsində bütöv ailələr məhv edilib. Yüz əllidən çox uşaq valideynlərindən birini və ya hər ikisini itirib, 613 mülki şəxs qətlə yetirilib. Həmçinin Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlı – iki yüz otuz mindən çox ailə öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq, məcburi köçkün və qaçqın vəziyyətinə düşüb. Spikerin sözlərinə görə, bu bir milyon insanın evsiz, işsiz və yaşamaq üçün bütün vasitələrdən məhrum qalması yeni müstəqil ölkə üçün kifayət qədər ağır zərbə olub. Lakin işğalın ağır sosial-iqtisadi yükünə baxmayaraq, Azərbaycan dövləti qaçqın və məcburi köçkün ailələrinin ehtiyaclarını ödəmək üçün bütün lazımi tədbirləri görüb. 

Azərbaycanın 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına həyata keçirdiyini, ərazi bütövlüyünü bərpa etdiyini xatırladan Milli Məclisin sədri Sahibə Qafarova bu kontekstdə tərəfdaşlarımıza və dostlarımıza, o cümlədən, Macarıstana Cənubi Qafqazda sabitləşmə və dövlətlərarası münasibətlərin qurulmasına davamlı, beynəlxalq hüquqa əsaslanan dəstəklərinə görə təşəkkürünü ifadə edib.

Spiker deyib ki, torpaqlarımızın işğaldan azad olunması 3000 gənc insanın həyatı bahasına başa gəldi: “Siz sadəcə təsəvvür edin, neçə ailə öz oğullarını və gələcək nəsillərini itirdilər?” 

Sahibə Qafarovanın sözlərinə görə, torpaqlarımızın azad edilməsi tarixi ədalətin təntənəsidir. Bu, həm də otuz il əvvəl uşaq ikən öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq, ata-baba torpaqlarını geri qaytarmaq üçün geri qayıdan gənc nəslin mənəvi və ailə dəyərlərinin qələbəsidir. 

Azərbaycan parlamentinin rəhbəri diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyevin güclü siyasi iradəsi, rəhbərliyi və xalqımızın qətiyyəti ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır. İşğal illərində Ermənistan demək olar ki, bütün şəhər və kəndləri dağıdıb, bu ərazilərdə Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoyub. 8 şəhər və yüzlərlə kənd, yollar, körpülər, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, evlər tikilir. Keçmiş məcburi köçkün ailələri artıq öz evlərinə qayıtmağa başlayıblar. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq yaxın 3 il ərzində 30 mindən çox ailə bu torpaqlara qayıdacaq. Sosial qayğı “Böyük Qayıdış Proqramı”nın əsas elementidir. Spiker Sahibə Qafarova bu məsələnin Heydər Əliyev Fondunun və onun rəhbərliyinin gündəmində çox mühüm yer tutduğunu qeyd edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir