Sahibə Qafarova: Azərbaycan geniş bir regionda enerji təhlükəsizliyinin təmin olunmasında 68mühüm rol oynayır
Azərbaycan geniş bir regionda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır, eyni zamanda yaşıl enerji sahəsinə davam edən investisiyalar bu töhfəni daha da gücləndirəcək.
Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasında keçirilən Asiya naminə Boao Forumunın İllik Konfransında çıxışı zamanı səsləndirib.
Azərbaycan parlamentinin spikeri, ölkəmizin Avrasiya üzrə əsas nəqliyyat qovşaqlarından birinə çevrildiyini, “Bir Kəmər, Bir Yol” təşəbbüsünün ilk dəstəkçilərindən biri kimi, onun inkişafına fəal şəkildə töhfə verməyə davam etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Çindən sonra bu təşəbbüsə ən böyük sərmayə qoyan ikinci ölkədir. Bildirilib ki, bu gün Orta Dəhliz Avropanı Mərkəzi Asiya və Çin ilə Xəzər dənizi vasitəsilə birləşdirən ən optimal və təhlükəsiz marşrutlardan biri olduğunu sübut edib.
Bundan əlavə, Milli Məclisin sədrinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində ölkəmizin qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası Orta Dəhlizin səmərəliliyini daha da artıracaqdır. Xüsusilə, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən etibarlı və səmərəli marşrut kimi özünü doğrultmaqdadır.
Arzu Paşaqızı