Sahibə Qafarova

0

Hörmətli cənab Baş Nazir, hörmətli hökumət üzvləri, 

hörmətli həmkarlar iclasımıza davam edirik.

Hörmətli deputatlar, səhər iclasında apardığımız müzakirədə Fransa Senatının Azərbaycan barəsində qəbul etdiyi qətnamə haqqında danışıldı. Dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bu aksiyaya Milli Məclisin münasibət bildirməsinin zəruri olduğu bildirildi. Düşünürəm ki, həm bu qətnamə, həm də Fransanın son dövrdə Azərbaycana qarşı fəaliyyəti ilə bağlı Milli Məclisin bəyanatının qəbul edilməsi məqsədəuyğun olardı.  Odur ki, təklif edirəm, Milli Məclisin bəyanatı ilə bağlı məsələni iclasımızın gündəliyinə daxil edək. Hörmətli həmkarlar, xahiş edirəm, məsələyə münasibət bildirin. 

(Səsvermə keçirilir.)

Çox sağ olun, qəbul edildi. 

Hörmətli həmkarlar! 

Biz Fransanın icra və qanunvericilik orqanlarının Azərbaycana qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamaları, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlər qəbul etdirməyə çalışdığını yaxşı xatırlayırıq. Son 2 ildə Fransa parlamenti bir neçə dəfə bizim ölkəmiz barəsində ədalətsiz mövqeyini nümayiş etdirmişdir. 

Fransa Senatının dünən qəbul etdiyi sənəd də Azərbaycana qarşı bədxah və çirkin niyyətli siyasi aksiyadır. 

Hər sətirindən xalqımıza və dövlətimizə nifrət yağan bu qətnamə Ermənistan Respublikasının ölkəmizə qarşı ərazi iddialarına və qəsbkarlıq siyasətinə haqq qazandırmaq niyyəti güdən bir akt kimi qiymətləndirilməlidir.   

Heç bir hüquqi, siyasi və mənəvi haqqı olmadan Fransa Senatının qəbul etdiyi qətnamə bunu da göstərir ki, erməni şovinistlərinin qanunsuz maraqlarını təmin etmək üçün Fransa qanunvericiləri hətta öz dövlətlərinin milli maraqlarını qurban verməyə, Fransa ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərə xələl gətirməyə, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa zərbə vurmağa da hazırdırlar. 

Erməni şovinizminin Cənubi Qafqazda geosiyasi iddialarının hansı ağır nəticələrə gətirib çıxardığı hamıya məlumdur. Odur ki, biz  Fransa Senatını Cənubi Qafqazda baş verən hadisələrə və proseslərə qanunsuz müdaxilə etmək, xalqların taleyi ilə oynamaq, Ermənistanı təcavüz qurbanı kimi qələmə vermək, tarixə qovuşmuş münaqişəni yenidən alovlandırmaq cəhdlərindən əl çəkməyə çağırırıq. 

Şübhə yoxdur ki, yalançı erməni təbliğatının təsiri altında və siyasi dividendlər əldə etmək niyyəti ilə Fransa Senatının qəbul etdiyi qətnamənin mənfi nəticələri üçün məsuliyyət bütünlüklə Fransa tərəfinin üzərinə düşəcəkdir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir