Səhiyyə komitəsinin iclasında

0

İyulun 4-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov gündəlikdə ikinci oxunuşda təqdim edilən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin olduğunu bildirib.

Turanın səsi ” xəbər verir ki , Əhliman Əmiraslanov qanun layihəsinin əhəmiyyətini qeyd edərək, sənədin birinci oxunuşda komitədə və plenar iclasda geniş müzakirə olunduğunu, deputatlar tərəfindən bir çox qeyd və təkliflərin verildiyini söyləyib. Komitə sədri dərman preparatlarının dövlət qeydiyyatı prosedurunun optimallaşdırılması, ölkə ərazisinə idxal edilən keyfiyyətli dərman vasitələrinin sayının artırılması, dərman qıtlığının aradan qaldırılması, dərman vasitələrinin ölkəmizdə istehsal olunması məsələləri ilə bağlı fikirlərini açıqlayıb.

Təqdim olunan qanun layihəsində dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə  sisteminin tətbiq edilməsi nəzərdə tutulub. Bu sistem istehsal və idxal olunan malların dövriyyəsinə, topdan və pərakəndə satışına nəzarəti həyata keçirən və bununla bağlı məlumatları qeydə alan informasiya ehtiyatı olacaq. Həmçinin dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqi nəzərdə tutulub. Sənədə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan olunur. 

Layihədə, həmçinin bioloji aktiv qida əlavələri ilə əlaqədar tənzimləmələr təkmilləşdirilir. Bununla yanaşı, tibb vasitələrinin idxalı, sertifikatlaşdırılması, reyestrinin aparılmasına dair tənzimləmələr, dərman vasitələrinin idxalına icazə verilməsi proseduru, dərman vasitələrinə reseptlərin yazılması qaydası müəyyən edilir.

Məsələ ilə bağlı çıxış edən komitə sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Kamaləddin Qafarov, deputat Etibar Əliyev təklif olunan dəyişikliklərin günün tələbinə uyğun olduğunu, sənədin dərman preparatlarına əlçatanlığın təmin edilməsinə, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verəcəyini söyləyiblər. Millət vəkilləri qanun layihəsi ilə bağlı bəzi qeyd və təkliflərini də səsləndiriblər.

İclasda parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, tədbirdə iştirak edən səhiyyə nazirinin müavini Rasim İsmayılov müzakirələrdə səsləndirilən fikirlərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətiriblər, deputatların verdiyi sualları ətraflı cavablandırıblar. 

Çıxışlarda dərman qiymətlərinin tənzimlənməsi qaydaları, buna təsir edən faktorlardan bəhs edilib. Habelə, dərman vasitələrinin çeşidlərinin genişləndirilməsi, onların keyfiyyətinin yaxşılaşdırılması məsələlərinə toxunulub, tibb sahəsində maarifçilik işinin vacibliyindən danışılıb, səhiyyə sahəsində həyata keçirilən islahatların əhəmiyyəti qeyd olunub.

Müzakirələrin yekununda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.

⤵️

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir