Səhiyyə komitəsinin iclasında

0

Mayın 19-da  Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İclası açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu günlərdə Milli Məclisdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasın keçirilməsinin əhəmiyyətindən danışıb. O, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin bu tədbiri yüksək səviyyədə təşkil etməsini xüsusi vurğulayıb, iclasda böyük şəxsiyyət və müdrik rəhbər Heydər Əliyev haqqında spiker Sahibə Qafarovanın geniş məruzəsini, xarici ölkə parlamentləri sədrlərinin, parlamentlərin vitse-spikerlərinin, komitə sədrlərinin, parlamentlərarası dostluq qrupları rəhbərlərinin, beynəlxalq təşkilatların başçılarının çıxışlarını yüksək dəyərləndirib. 

Sonra komitənin iclasının gündəliyi barədə məlumat verən Əhliman Əmiraslanov bildirib ki, gündəliyə iki məsələ – “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Özəl tibb fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin müzakirəsi daxil edilib.

Qanun layihələri barədə məlumatı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin əməkdaşı Seymur Əşrəfli təqdim edib.

O, bildirib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində dəqiqləşdirmə xarakterli dəyişiklik təklif olunur. Belə ki, qüvvədə olan qanunun vətəndaşların tibbi-sosial yardım almaq hüququnu təsbit edən müvafiq maddəsində “Müvafiq icra hakimiyyəti orqanları” anlayışının “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum)” anlayışı ilə əvəz olunması təklif edilib.

“Özəl tibb fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin “Nağdsız hesablaşmalar haqqında” Qanunun icrası məqsədilə hazırlandığını deyən məruzəçi bildirib ki, sənəddə nağdsız hesablaşmaların əhatə dairəsi genişləndirilərək bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlərin də əlavə edilməsi təklif olunub.

Sənədlər barədə fikrini bildirən komitə sədri Əhliman Əmiraslanov vurğulayıb ki, qanun layihələrində təklif olunan dəyişikliklər qüvvədə olan normativ hüquqi aktlara uyğunlaşdırma xarakteri daşıyır.

Deputatlar hər iki qanun layihəsini müzakirə olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra iclasda cari məsələlərin müzakirəsi aparılıb.

Komitə sədri Əhliman Əmiraslanov komitədə nəzərdə tutulan dinləmələrin keçirilməsi haqqında danışıb. Komitə sədrinin müavini Rəşad Mahmudov, deputatlar Soltan Məmmədov, Sədaqət Vəliyeva, İlham Məmmədov çıxış edərək bu barədə qeyd və təkliflərini diqqətə çatdırıblar.

İclasda deputatlar Kamilə Əliyeva, Kəmaləddin Qafarov, Müşfiq Məmmədli, Anatoliy Rafailov və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir