Səhiyyə komitəsinin iclasında

Yanvarın 22-də Milli Məclisin Səhiyyə komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Əhliman Əmiraslanov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara növbəti sessiyada uğurlar arzulayıb.
Komitə sədri gündəliyə 2025-ci ilin payız sessiyası ərzində Səhiyyə komitəsində görülmüş işlərin hesabatının, komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsinin, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.
Məlumat verilib ki, 2025-ci ilin payız sessiyası ərzində komitənin 15 iclası keçirilib, ümumilikdə 20 məsələ müzakirə olunub. Ötən sessiya dövründə komitəyə vətəndaşlardan 170 müraciət daxil olub. Bunlardan bir qisminin icrası təmin edilib, digər qismi isə baxılması üçün aidiyyəti orqanlara göndərilib. Komitə sədri bildirib ki, ötən sessiya müddətində seçicilərlə həm Milli Məclisdə, həm də yerlərdə mütəmadi görüşlər keçirilib və onlara zəruri izahatlar verilib.

Arzu Paşaqızı