Regionları əhatə edən yeni iqtisadi təşviq paketi hazırlanmalıdır-DEPUTAT
Azərbaycanın bütün regionlarını əhatə edən yeni iqtisadi təşviq paketi hazırlanmalıdır.
“turaninsesi.az” xəbər verir ki, bunu deputat Müşviq Cəfərov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, büdcə müzakirələri təkcə rəqəmlərdən ibarət olmamalıdır: “Bizim borcumuz sosial proseslərə də diqqətlə yanaşmaqdır. Əgər müəyyən sahələrdə struktur islahatları çərçivəsində optimallaşmaya gedilirsə və ya gediləcəksə, bu işlərə regionlarda çox həssas yanaşmaq lazımdır. Çünki regionlarda hər bir iş yerinin dəyəri böyükdür. Regionlarda yeni iş yerləri yaratmaq üçün iş adamları üçün stimullaşdırıcı addımlar atmalıyıq və daha sonra dövlət qurumlarında optimallaşmaya getməliyik. Biz elə etməliyik ki, regionlardan Bakıya iş üçün üz tutan insanlar öz rayonlarına, şəhərlərinə qayıtsınlar. Yalnız belə olan halda biz regionları inkişaf etdirə biləcəyik, Bakıya olan insan axınının qarşısını ala biləcəyik. Bu səbəbdən hökumətdən xahişim və təklifim odur ki, dövlət qurumlarında struktur optimallaşması siyasəti aparılacaqsa, regionlar xüsusi həssaslıqla nəzərə alınsın”.
O qeyd edib ki, bütün regionları əhatə edən yeni iqtisadi təşviq paketi hazırlanmalıdır: “Bu paket qısa müddətli hədəflər, yəni iş yerlərinin qorunması, yerli istehsalın genişləndirilməsi, kənd təsərrüfatının modernləşdirilməsi kimi məsələləri özündə əks etdirməlidir. Uzunmüddətli hədəflər isə sənayeləşmə, ixrac potensialının artırılması, sənaye məhəllələrinin və ya parkların yaradılmasını, innovasiya və texnologiya sahələrinin regionlara gətirilməsini əhatə etməlidir. Biz sahibkarı regionda işləməyə həvəsləndirməliyik, çünki dayanıqlı iş yerlərini sahibkar yaradır və bununla da büdcə yükünü azaltmış olarıq. Bu məqsədlə vergi güzəştləri, subsidiyalar, infrastruktur dəstəyi, kommunal xərclərin optimallaşdırılması, investisiya təşviqlərini gücləndirilməli və genişləndirilməlidir”.
Arzu Paşaqızı