Regional məsələlər komitəsinin iclasında
Noyabrın 27-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Komitə sədri Siyavuş Novruzov gündəliyə iki məsələnin – “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” və “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihələrinin daxil edildiyini bildirib. O, hər iki sənədin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunduğunu qeyd edib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Siyavuş Novruzov bu gün Azərbaycanın dünyada etibarlı tərəfdaş, qalib dövlət, Cənubi Qafqaz regionunun lider ölkəsi kimi tanındığını söyləyib. Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, məqsədyönlü islahatların ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün geniş imkanlar yaratdığını bildirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunduğunu vurğulayıb. Cari ilin sentyabr ayında uğurla yekunlaşan lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda separatizmə son qoyulduğunu, ölkənin suverenliyinin tam bərpasına nail olunduğunu deyib. Qeyd edib ki, bu gün qalib Azərbaycan post-müharibə dövrünün reallıqlarına uyğun strateji fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. O, dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlara əsasən həyata keçirilən tədbirlərin yeni regional idarəetmə modelinin yaradılması baxımından əhəmiyyətli olduğunu deyib. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması, nəqliyyat qovşaqlarının bərpası və digər sosialyönümlü layihələrin icrasının uğurla davam etdirildiyini bildirib.
Komitə sədri müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O, Ağdərə rayonunun qədim dövrlərdən başlayaraq bugünədək tarixi barədə geniş məlumatı diqqətə çatdırıb. Qeyd edib ki, Ağdərə rayonu 1992-ci il oktyabrın 13-də ləğv olunaraq, onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının inzibati ərazilərinə verilib. Bildirilib ki, 2023-cü ilin 19-20 sentyabrında aparılan lokal antiterror tədbirləri zamanı Ağdərə azad edilib. Azərbaycan Prezidenti İlham Əliyev cari il oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.
Nəzərə çatdırılıb ki, qanun layihəsinə əsasən, 1660,83 kv.km ərazidə yaradılacaq Ağdərə rayonuna Kəlbəcər rayonundan 735,84 kv.km, Tərtər rayonundan 851,25 kv.km və Ağdam rayonundan 73,74 kv.km ərazi veriləcək.
Sonra komitə sədri Siyavuş Novruzov “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsini təqdim edib. O, bildirib ki, hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində aparılan irimiqyaslı quruculuq işləri həmin rayonlarda ərazilərin planlaşdırılmasının və istifadəsinin, burada yaşayan və məskunlaşacaq əhalinin dövlət idarəçiliyinə əlçatanlığının daha səmərəli təşkilini şərtləndirir. Layihədə adları sadalanan rayonların inzibati ərazi quruluşunda bəzi kənd ərazi vahidlərinin inzibati tabeliyi dəyişdirilməklə onların faktiki yerləşdiyi rayonların inzibati ərazi bölgüsünə daxil edilməsindən, sərhədlərinin dəyişdirilməsindən və ya ləğv olunmasından ibarət müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Siyavuş Novruzov parlamentin sədri Sahibə Qafarovaya məsələlərin müzakirəsi üçün şərait yaratdığına görə təşəkkürünü ifadə edib. O, spikerin tövsiyəsi ilə adları çəkilən rayonları təmsil edən deputatların iclasda iştirak etdiyini söyləyib.
Müzakirələrdə çıxış edən parlamentin komitə sədrləri Bəxtiyar Əliyev, Tahir Rzayev, deputatlardan Elman Məmmədov, Kamran Bayramov, Aqil Məmmədov, Sahib Alıyev, Ceyhun Məmmədov, Emin Hacıyev qanun layihələrini məqsədəmüvafiq hesab ediblər. Millət vəkilləri işğaldan azad edilmiş ərazilərin bərpasının və yenidən qurulmasının bu gün prioritet məsələ olduğunu, təklif edilən dəyişikliklərin bu regionların sosial-iqtisadi inkişafına xidmət edəcəyini bildiriblər.
Müzakirələrin sonunda hər iki qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI