Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş tədbirdə çıxış edib

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak etmək üçün Serbiyada işgüzar səfərdədir. Səfər çərçivəsində parlamentin sədri tədbirdə çıxış edib.


Spiker çıxışının əvvəlində bu əlamətdar tədbirlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb. Sonra Milli Məclisin sədri bildirib ki, 65 il əvvəl Qoşulmama Hərəkatı bir sıra dövlətləri müstəqilliyini, suverenliyini və öz gələcəyini müəyyən etmək hüququnu qorumaq kimi ortaq məqsədlər ətrafında birləşdirib. Bu təşkilatın təsis edilməsindən ötən müddətdə beynəlxalq münasibətlər sistemi əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Lakin Hərəkatın əsasını təşkil edən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və bərabərliyinə hörmət, daxili işlərə qarışmamaq, ədalət, dinc yanaşı yaşamaq və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prinsipləri bu gün də beynəlxalq münasibətlər sistemində sabitliyin və ədalətli dünya nizamının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Arzu Paşaqızı