Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bəhreyndə keçirilən ikinci konfransında mühüm qərarlar qəbul olunub
Konfransın əsas nəticələrindən biri Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupunun yaradılması barədə qərarın qəbul edilməsi olub
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Martın 13-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2-ci konfransı keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin və QH Parlament Şəbəkəsinin sədri xanım Sahibə Qafarovanın sədrliyi ilə keçirilən Konfransda 20-dən çox ölkənin parlament sədrləri, 60-dan çox heyət olmaqla, ümumilikdə 300-dən artıq nümayəndə iştirak edib. Konfrans bir sıra mühüm sənədlərin qəbulu ilə yadda qalıb.
Konfransın əsas nəticələrindən biri Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin cari ilin mart ayının 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupunun yaradılması barədə qərarın qəbul edilməsi oldu. Azərbaycan Milli Məclisinin təklif etdiyi və üzv parlamentlərin yekdilliklə dəstəklədiyi bu qərara əsasən, Parlament Şəbəkəsi çərçivəsində yaradılacaq Parlament Dəstək Qrupunun əsas məqsədi Prezident İlham Əliyevin Afrika ölkələrinə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstəklə bağlı Qlobal Çağırışlar və Pandemiyadan sonrakı qlobal bərpa mövzusunda müvafiq tövsiyələrin hazırlanması məqsədilə Yüksək səviyyəli BMT Panelinin yaradılması barədə BMT Baş Katibinə çağırış təşəbbüslərinin qlobal miqyasda dəstəklənməsi və təşviq olunmasıdır.
Konfransın yekun sənədi kimi qəbul olunmuş Manama Bəyannaməsi isə üzv parlamentlərin müasir dövrün çağırışları və əməkdaşlıq imkanlarına, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin hazırkı və gələcək fəaliyyət prioritetlərinə dair vahid mövqeyini əks etdirir.
Tədbirdə həmçinin “Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində beynəlxalq parlament təşkilatlarına müşahidəçi statusunun verilməsi haqqında” qərar qəbul olunub. Bu qərarla İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Beynəlxalq Parlamentarilər Konqresi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yanında müşahidəçi statusu verilib. Digər beynəlxalq parlament təşkilatlarının Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa olan marağı Parlament Şəbəkəsinin beynəlxalq parlament diplomatiyasında rolunun güclənməkdə olduğunu göstərir.
Konfransda Parlament Şəbəkəsinin iş qaydalarına bir sıra dəyişikliklərə dair qərar da qəbul edilib ki, bu da Şəbəkənin daha çevik və daha effektiv fəaliyyətinin təmin olunması məqsədi daşıyır.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI