Parlamentin 4 komitəsinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Noyabrın 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.


İclası açan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçmiş, siyasi-iqtisadi uğurlar əldə etmiş, qlobal layihələr reallaşdırmış və dövlət suverenliyini tam bərpa etmişdir. Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistan-Azərbaycan sülh müqaviləsinin paraflanması isə ölkəmiz üçün yeni mərhələ açmışdır.
Vitse-spiker qeyd edib ki, büdcə layihəsi təkcə dövlətin əsas maliyyə sənədi deyil, həm də qarşıya qoyulan məqsəd və vəzifələrin bir il ərzində idarə olunmasını və həyata keçirilməsini təmin edən strateji sənəddir. Sədr müavini dövlət büdcəsinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulmuş beş milli prioritetin reallaşdırılması üçün etibarlı maliyyə bazası yaratdığını, bu prioritetlər sırasında dayanıqlı sosial-iqtisadi inkişafın, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı məsələlərinin cari ildə də diqqət mərkəzində saxlanılacağını söyləyib.
Ziyafət Əsgərov deyib ki, dünyada geosiyasi ziddiyyətlərin artması, yeni hərbi-siyasi blokların formalaşması və beynəlxalq münasibətlərdə gərginliyin yüksəlməsi fonunda milli təhlükəsizliyin möhkəmləndirilməsi hər bir dövlət üçün prioritet məsələdir. O, vurğulayıb ki, ölkəmizdə də bu istiqamətdə ardıcıl addımlar atılır və müdafiə qabiliyyətinin artırılması daim diqqət mərkəzində saxlanılır.
Parlament sədrinin müavini Ziyafət Əsgərov, ümumilikdə 2026-cı ilin dövlət büdcəsinin ölkənin sosial rifahını, iqtisadi sabitliyini və milli təhlükəsizliyini təmin edən, qarşıya qoyulan strateji hədəflərə uyğun sənəd olduğunu bildirib.

Arzu Paşaqızı