Parlamentdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı kitabın və sənədli filmin təqdimatı keçirilib
İyunun 14-də Azərbaycan xalqının Milli Qurtuluşunun 30 illiyi ərəfəsində Milli Məclisdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar nəşr olunmuş kitabın və sənədli filmin təqdimatı keçirilib.
“Heydər Əliyev və Azərbaycan parlamenti” adlı 3 cilddən ibarət kitabın məsul redaktoru Milli Məclisin sədri Sahibə Qafarova, tərtibçi redaktoru parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibovdur.
“turanın səsi ” xəbər verir ki , Kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi 4 ay ərzində keçirilmiş parlament iclaslarının stenoqramları nəşr olunub. Bu stenoqramlar 30 ildə ilk dəfə geniş ictimaiyyətə təqdim olunur. Kitabda Ulu Öndərin müstəqilliyimiz, demokratiya, parlament mədəniyyəti və parlament diplomatiyası, ordu quruculuğu, neft strategiyası ilə bağlı çox dəyərli fikirləri və separatizmə qarşı mübarizəsi öz əksini tapıb. Stenoqramlarda Ümummilli Liderin Azərbaycanın gələcəyi ilə bağlı parlament tribunasından səsləndirdiyi konseptual xarakterli fikirlər də yer alıb.
Parlamentdə həmin gün təqdimatı keçirilən, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən “Heydər Əliyev – zamanın fövqündə” filminin ideya müəllifi Milli Məclisin sədri Sahibə Qafarova, ssenari müəllifi Mehman Qaibovdur. Film Milli Məclisin arxiv materialları əsasında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanıb.
Filmin əsas leytmotivi Heydər Əliyev və Azərbaycan parlamentidir. Filmdə Ulu Öndərin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə Ali Sovetin deputatı və SSRİ Ali Sovetinin deputatı kimi fəaliyyəti, o dövrdə onun təşəbbüsü ilə Azərbaycanın gələcəyi ilə bağlı parlamentdə görülmüş işlərdən, o cümlədən yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 3 ay 18 gün ərzində Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövrdən bəhs edilir. Bu sənədli filmdə Ulu Öndərin Ali Sovetin tribunasından səsləndirdiyi bir sıra fikirlər ilk dəfə nümayiş olunur. Onun parlamentə sədrlik etdiyi dövrdə müstəqilliyimizin gücləndirilməsi, demokratiyanın inkişafı, ordu quruculuğu, neft strategiyası sahələrində atdığı addımlar geniş əks olunub. Filmdə həmçinin yüksək səviyyəli Prezident-Parlament münasibətlərindən, Heydər Əliyev siyasətinin təntənəsindən, bugünkü Azərbaycanın uğurlarından bəhs olunur.
⤵️
⤵️
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI