Parlament moped idarə etmək üçün sürücülük vəsiqəsi tələbini ilk oxunuşda qəbul edib

Milli Məclis moped idarə etmək üçün sürücülük vəsiqəsi tələbini ilk oxunuşda qəbul edib.
“turaninsesi.az” xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
İclasda bildirilib ki, qanun layihəsinin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir.
Belə ki, sənəddə təklif edilən mühüm dəyişikliklərdən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu dəyişiklik sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq.
Digər dəyişikliyə əsasən, moped nəqliyyat vasitəsi anlayışının daha dəqiq müəyyən edilməsi, onların dövlət qeydiyyatına alınaraq uçota götürülməsi nəzərdə tutulur. Həmçinin qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması nəzərdə tutulur.
Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunluq və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir.
Sənəd layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Arzu Paşaqızı