PALATA-Büdcə icrasının yaxşılaşması üçün satınalmalarla əlaqələndirmə gücləndirilməlidir

Dövlət büdcəsinin icra faizinin optimallaşdırılması üçün büdcə prosesinin satınalma mexanizmləri ilə əlaqələndirilməsinin gücləndirilməsinə ehtiyac var.

turaninsesi.az” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, 2024-cü ildən qüvvədə olan yeni “Dövlət satınalmaları haqqında” qanunun tətbiqi ilə bağlı icra prosesində yaranan problemlər üzrə Palata tərəfindən 20-dən çox istiqamətdə təklif hazırlanıb.

“Bu ilin ilk 9 ayında 7,4 milyard manat məbləğində 13 mindən çox satınalma həyata keçirilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1,2 milyard manat və ya 930 satınalma çoxdur. Həm satınalmaların sayı, həm də məbləği yeni qanun qüvvəyə minməzdən əvvəl formalaşan illik göstəriciyə yaxınlaşıb. Bu dövrdə təxminən 6 500 müsabiqəli satınalma keçirilib”, – deyə V.Gülməmmədov bildirib.

Hesablama Palatasının sədri vurğulayıb ki, yeni qanun və nəzarət mexanizmlərindəki dəyişikliklər rəqabətli satınalma mədəniyyətinin formalaşmasına, həmçinin büdcə vəsaitlərinin əlçatanlığının genişlənməsinə səbəb olub:

“9 ayda müsabiqə yolu ilə satınalma aparan 1000-dən çox təşkilatın təxminən 60 %-i prosesə II rübdən, 30 %-i isə III rübdən başlayıb. Ötən illə müqayisədə satınalmalara gec başlayan təşkilatların sayında təxminən 20 % azalma müşahidə olunub. Bu, müsbət haldır, lakin göstəricinin daha da yaxşılaşması üçün imkanlar mövcuddur”.

V. Gülməmmədov bildirib ki, büdcənin icra səviyyəsinin yaxşılaşdırılması üçün satınalma proseslərinin vaxtında təşkili vacibdir:

“Düşünürük ki, ilkin satınalma planı təsdiqləndikdən sonra satınalma prosedurlarının tam şəkildə həyata keçirilməsini təmin etmək üçün qanunvericilikdə əlavə dəyişikliklər edilə bilər”.

Arzu Paşaqızı