Özbəkistan parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub
Dekabrın 4-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayevin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Parlament Aparatının rəhbəri qonaqları Milli Məclisdə salamlayaraq bildirib ki, Azərbaycan və özbək xalqları arasında dərin köklərə söykənən dostluq əlaqələri ölkələrimiz müstəqillik əldə etdikdən sonra daha da möhkəmlənib. Bu sahədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xidmətləri geniş ictimaiyyətə yaxşı məlumdur. O, bu gün iki ölkə arasında münasibətlərin gücləndirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xidmətlərindən danışıb.
Fərid Hacıyev 44 günlük Vətən müharibəsi və cari ildə həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edilməsi barədə söhbət açıb. O, Prezident Şavkat Mirziyoyevin tapşırığına əsasən işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb binasının tikilməsinə görə təşəkkürünü bildirib.
Söhbət zamanı Fərid Hacıyev spiker Sahibə Qafarovanın Özbəkistana rəsmi səfəri çərçivəsində Azərbaycan və Özbəkistanın qanunverici orqanları arasında imzalanmış əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurğulayıb.
Sonra parlament Aparatının rəhbəri Milli Məclisin strukturu, fəaliyyəti, ölkədəki seçki sistemi, parlamentdə təmsil olunan partiyalar, mövcud komitə və komissiyalar, qanun yaradıcılığı prosesi barədə qonaqlara məlumat verib.
Özbəkistan Respublikası Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayev ölkəmizə dəvətə və səmimi görüşə görə öz minnətdarlığını ifadə edib. O, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bir çox sahələrdə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdiyini söyləyib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibəti ilə təbriklərini çatdıran qonaq, Ulu Öndərin xatirəsinin Özbəkistanda əbədiləşdirildiyini, Heydər Əliyevin adının Daşkənd şəhərinin mərkəzi küçələrindən birinə verildiyini və barelyefinin qoyulduğunu diqqətə çatdırıb.
Senatın Aparat rəhbəri ölkəsinin Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad etməsindən məmnunluğunu ifadə edib. O, Özbəkistan dövlət başçısının təşəbbüsü ilə ölkəsinin Füzuli şəhərində müasir məktəb binası inşa etməsini xalqlarımız arasında möhkəm dostluq əlaqələrinin rəmzi kimi qiymətləndirib.
Sonra görüşdə iştirak edən Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının Aparat rəhbəri vəzifəsini icra edən Boburcan Rədcəbov çıxış edərək bu görüşün parlamentlərarası əlaqələrinin gələcək inkişafına xidmət edəcəyini söyləyib.
Söhbət zamanı Boburcan Rədcəbov Özbəkistan parlamentinin fəaliyyəti ilə bağlı geniş məlumat verib.
Görüşdə qanunvericilik sahəsində əməkdaşlıq, parlamentlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.
* * *
Sonra Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Özbəkistan Respublikası Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Qonaqlar salamlayan Parlamentin İntizam Komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov strateji əməkdaşlıq xarakteri daşıyan Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərinin çoxəsrlik tarixindən danışıb. Dövlət başçıları arasında da xoş və səmimi münasibətlərin olduğunu deyən işçi qrupunun rəhbəri, ölkə başçılarının qarşılıqlı səfərlərinin, həmçinin keçirilən görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Görüşdə əlaqələrimizin dərinləşməsində qanunverici orqanların özünəməxsus rolu qeyd olunub, parlament spikerlərinin qarşılıqlı səfərlərinin, təmasların mühüm əhəmiyyəti barədə danışılıb. Deputatlarımızın dostluq qrupları çərçivəsində, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığı müsbət qiymətləndirilib.
Eldar İbrahimov ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoymuş 44 günlük Vətən müharibəsindən sonra bu torpaqlarda aparılan bərpa-quruculuq işləri barədə danışıb, Füzuli rayonunda məktəb tikintisi ilə bağlı verdiyi dəstəyə görə Özbəkistana minnətdarlığını bildirib.
Görüşdə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavanşir Paşazadə, Elman Nəsirov, Aydın Hüseynov ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.
Səmimi qəbula görə təşəkkür edən Özbəkistan Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayev Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini bildirib. O, çoxəsrlik tarixə malik olan dostluq və qardaşlıq münasibətlərinin genişləndirilməsində qanunverici orqanların rəhbərlərinin rolunu qeyd edib, dostluq qruplarının səmərəli əməkdaşlığından danışıb.
Özbəkistanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin dərin ehtiramla yad edildiyini deyən Senatın Aparat rəhbəri, bu böyük şəxsiyyətin 100 illik yubileyinin ölkəsində də təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.
Qonaq Özbəkistan Ali Məclisi Senatının Aparatı ilə Milli Məclis Aparatı arasında əlaqələrin dərinləşməsindən, gələcəkdə nəzərdə tutulan birgə layihələrdən bəhs edib.
* * *
Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və parlament Aparatının bir neçə şöbə müdiri dekabrın 4-də Özbəkistan Respublikası Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov qonaqları salamlayaraq, Azərbaycan Parlamentinin sədri Sahibə Qafarovanın parlamentlərarası əməkdaşlıq kontekstində aparatlar səviyyəsində əlaqələrə böyük önəm verdiyini diqqətə çatdırıb. O, Milli Məclisin beynəlxalq fəaliyyəti və həyata keçirdiyi uğurlu parlament diplomatiyasından söz açaraq, Azərbaycan və Özbəkistan parlamentlərinin qlobal parlament dialoqunun möhkəmlənməsində oynadığı rolundan danışıb, parlamentlərimizin müxtəlif beynəlxalq parlament platformalarında, o cümlədən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində səmərəli əməkdaşlığını vurğulayıb.
Görüşdə Parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdiri Gülnarə İsmayılova, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibov, Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov rəhbərlik etdikləri şöbələrin funksiyaları, iş prinsipləri və tətbiq etdikləri texnoloji yeniliklər barədə məlumat veriblər.
Söhbət zamanı parlament aparatlarının strukturları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsi, həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI