Ötən il cari büdcə xərclərinin 90 %-i qeyri-neft-qaz sektorunun hesabına qarşılanıb-Komitə Sədri

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin cari xərclərinin 90,1 %-i qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanıb.
“turaninsesi.az“xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında – qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.
“Komitə iclasında hörmətli maliyyə naziri bu rəqəmin 100 %-ə çatdırılmasını perspektiv hədəflərdən biri kimi qeyd edib”, – deyə o əlavə edib.
Deputat xatırladıb ki, ötən ilin dövlət büdcəsi dürüstləşdirilmiş büdcə olub: “2024-cü il iyun ayında büdcəyə yenidən baxılmaqla onun xərcləri ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 8,1 % və yaxud 3 milyard manata yaxın artırılıb. Büdcə dəyişikliyini proqnozdan artıq vergi daxilolmaları və artan maliyyə ehtiyacları şərtləndirib.
Ötən ilin maliyyə sənədi həm də artan büdcə kimi xarakterizə olunur. Belə ki, o həm proqnoza, həm də əvvəlki ilə nisbətən artıb. Ümumiyyətlə, son illər təsdiq edilmiş dövlət büdcələri miqyasca artım dinamikasına malikdir. Müqayisə üçün qeyd edək ki, 2020-2024-cü illəri əhatə edən son 5 ildə büdcə xərcləri 11,3 milyard manat və yaxud 43 % artıb.
Sosial və investisiya yönümlü xərclərin uzlaşdırılması və bir-birini tamamlaması icra edilmiş büdcənin əsas cəhətlərindəndir. Büdcə məxaricinin 56,6 %-nin cari, 40 %-nin isə əsaslı xərclərdən ibarət olması bunu bir daha təsdiq edir”.
A.PASA.q