Ötən il 64 nəfərə Azərbaycan vətəndaşlığı verilib
Ötən il vətəndaşsızlıq vəziyyətində olan 64 şəxsə Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan vətəndaşlığı verilib.
“turaninsesi.az” xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.
Hesabata əsasən, onlardan 21-i vətəndaşlığı olmayan, 43-ü isə vətəndaşlığı naməlum şəxslərdir.
2025-ci ildə 67 nəfər qaçqın statusu əsasında Azərbaycanda yaşayıb.
2025-ci il 31 dekabr tarixinə Azərbaycanda qanuni əsaslarla olan və ya yaşayan əcnəbilərin sayı 184 419 nəfər olub (2024-cü ildə 184 835 nəfər).
Hesabatda həmçinin qeyd olunub ki, 2025-ci ildə müvəqqəti yaşaması üçün icazə verilmiş (müddəti uzadılmış) əcnəbilərin sayı 80 036 nəfər olub ki, bu da 2024-cü illə müqayisədə 8531 nəfər çoxdur.
Bununla yanaşı 2025-ci ildə 342 393 əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb (2024-cü ildə 357 204), 1594-nun müvəqqəti olma müddəti uzadılıb (2024-cü ildə 2471), 3436-na daimi yaşamaq üçün icazə verilib və ya müddəti uzadılıb (2024-cü ildə 3016), 9945-nə iş icazəsi verilib və ya müddəti uzadılıb (2024-cü ildə 10 868).
Arzu Paşaqızı