Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatasının 2024-cü il10 oktyabr tarixli qətnamələrinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti
Azərbaycan Respublikasının Milli Məclisi 2024-cü il oktyabrın 10-da Niderland Krallığı Parlamenti Nümayəndələr Palatasının qəbul etdiyi iki qətnaməni Azərbaycanı əsassız olaraq hədəf alan və Cənubi Qafqaz regionunda real vəziyyəti təhrif edən qərəzli siyasi aktlar kimi qətiyyətlə rədd edir və pisləyir.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Yalan və saxta məlumatlar üzərində qurulan bu qətnamələr heç də sülhə, sabitliyə və konstruktiv dialoqa kömək göstərmir, əksinə, yaxın tarixə və bu günümüzə aid faktları, beynəlxalq hüquq normalarını və prinsiplərini, regionda qalmaqda olan çağırışları gözardı edən qeyri-obyektiv və birtərəfli yanaşmanı ortaya qoyur.
Azərbaycan ərazisində ağır cinayətlər törətməkdə, o cümlədən terrorizm, separatizm, qəsdən adam öldürmə əməllərində və beynəlxalq humanitar hüququn digər ağır pozuntularında təqsirləndirilən şəxslərin “erməni hərbi əsirləri” kimi qələmə verilərək azadlığa buraxılmasının tələb edilməsi qanunun aliliyi prinsipinə açıq hörmətsizlikdən başqa bir şey deyildir və terrorizmin kökünün kəsilməsi, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi səylərini sarsıdır.
Erməni mədəni irsinin guya talan edilməsi barədə saxta ittihamların irəli sürülməsi isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə xalqımızın mədəni, dini və tarixi sərvətlərinin dağıdılmasına və mənimsənilməsinə göz yumulması və bunların ört-basdır edilməsi kampaniyasının tərkib hissəsi və davamıdır. Azərbaycan mədəni irsinin sistemli şəkildə məhv edilməsinə səssiz qalan Niderland Parlamenti Nümayəndələr Palatasının Azərbaycana qarşı həyata keçirdiyi növbəti ədalətsiz siyasi aksiya dərin təəssüf doğurur.
Azərbaycan Respublikasının Milli Məclisi bunu da bildirməyi zəruri sayır ki, sözü gedən qərəzli qətnamələrin Niderlandın xarici işlər naziri Kaspar Veldkamp tərəfindən rəğbətlə qaşılanması və müdafiə edilməsi Niderland hökumətinin Cənubi Qafqaz dövlətləri barəsində siyasətində seçmə yanaşmaya əsaslandığını nümayiş etdirir, doğma yurdları işğal edilmiş, etnik təmizləməyə, insanlıq əleyhinə cinayətlərə, o cümlədən soyqırımı aktlarına məruz qoyulmuş azərbaycanlıların əzablarını etiraf etmək əvəzinə Ermənistan Respublikasının Azərbaycana qarşı ərazi iddialarına etinasızlıq göstərilməsindən və bu iddiaların üstüörtlü şəkildə dəstəklənməsindən ibarət olan dövlət siyasəti yeritdiyini bir daha açığa çıxarır.