Müstəqillik dövrünün ən böyük amnistiya aktı qəbul olunub
Dekabrın 19-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri bugünkü iclasın gündəliyinə 13 məsələnin daxil edildiyini bildirib. O, birinci məsələnin Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı olduğunu bildirib.
Spiker deyib ki, dünən Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiya təşkil olunub. Ölkəmizə qarşı böhtanlar və əsassız ittihamlar üzərində qurulan ədalətsiz daha bir qətnamə qəbul edilib. Təəssüf doğuran haldır ki, Avropa Parlamenti bu addımı ilə Azərbaycanda real vəziyyəti əks etdirməyən və beynəlxalq hüquq prinsiplərinə zidd olan qeyri-obyektiv və qərəzli praktikasını davam etdirib. Bu qətnamə Avropa Parlamentinin dövlət suverenliyinə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə etinasız münasibətini əks etdirir.
Vurğulanıb ki, biz sənəddə yer alan “siyasi məhbusların mövcudluğu”, “siyasi təqiblər”, “akademik azadlıqların və mədəni hüquqların pozulması” kimi ifadələri və digər ittihamları qətiyyətlə rədd edirik.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Respublikası qanunun aliliyi, dövlət institutlarının müstəqilliyi və öz vətəndaşları qarşısında cavabdehliyi prinsiplərinə dönmədən əməl edir. Demokratik institutların sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas elementlərinin qurulması və digər amillər dövlətimizin demokratiya yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir. Biz əminik ki, dayanıqlı inkişaf, insan hüquqlarının və azadlıqlarının müdafiəsi yalnız milli hüquq qaydası çərçivəsində və dövlətin suveren səlahiyyətlərinə ciddi riayət olunması şəraitində təmin edilə bilər.
Spiker diqqətə çatdırıb ki, mövcud reallıqların nəzərə alınmadığı birtərəfli rəyləri qəbul etdirmək cəhdləri heç də etimadın möhkəmlənməsinə və tərəfdaşlığın inkişafına xidmət etmir. Əksinə, bu cür yanaşma bərabərhüquqlu beynəlxalq əməkdaşlıq ideyasının özünə zərbə vurur və konstruktiv dialoq anlayışını dəyərdən salır.
Azərbaycan Respublikası insan hüquqları sahəsində beynəlxalq müqavilələrin məsuliyyətli iştirakçısıdır və üzərinə götürdüyü öhdəlikləri ardıcıl yerinə yetirir. Bununla birlikdə, biz ölkəmizlə münasibətlərin inkişafını əsassız tələblərin yerinə yetirilməsi ilə bağlamaq cəhdlərinə səssiz qala bilmərik. Bizim dövlətimiz beynəlxalq qurumlar ilə qarşılıqlı hörmət, obyektivlik və ikili standartlara yol verilməməsi əsasında əməkdaşlıq üçün açıqdır. Lakin heç bir qurumun Azərbaycanla təzyiq dili ilə danışmağa haqqı yoxdur.
Milli Məclisin sədri Sahibə Qafarova vurğulayıb ki, saxta ittihamlar və əsassız iddialar yolu ilə Azərbaycanın nüfuzuna xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında hərəkət edərək milli maraqlarına zidd olan bütün qərəzli addımları bundan sonra da qətiyyətlə və adekvat şəkildə cavablandıracaq.




Arzu Paşaqızı