MM-in sədr müavini Adil Əliyev: “İran səfirliyimizə qarşı edilmiş terrora görə ən azı mənəvi məsuliyyət daşıyır”
Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehranda yerləşən səfirliyinə silahlı terror hücumu olmuşdur. Nəticədə səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov qətlə yetirilmiş, iki nəfər digər əməkdaş isə yaralanmışdır. Allahdan şəhidimizə rəhmət diləyir, yaralılarımıza tezliklə sağalmağı arzulayıram.
“Turanın səsi ” Terror hadisəsinin baş verdiyi anın təhlükəsizlik kameralarına düşmüş kadrlarından göründüyü kimi, hücumu törədən fiziki cəhətdən cüssəli, davranış baxımından isə hazırlıqlı və soyuqqanlıdır. Bu isə hücumun təsadüfi və ya şəxsi xarakterli deyil, məhz əvvəlcədən planlaşdırılmış terror hadisəsi olduğu qənaətinə gəlməyə əsas verir. İranın hüquq mühafizə orqanları hücum edən şəxsin iki uşağı ilə səfirliyə girdiyini bəyan etsə də, kadrlardan göründüyü kimi, orada heç bir uşaq yoxdur. Hadisə qurbanlarının sayı daha çox ola bilərdi. Yalnız səfirliyimizin təhlükəsizlik xidməti əməkdaşının sayıqlığı, fədakarlığı və qəhrəmanlığı sayəsində terror qurbanlarının sayı artmamışdır.
Vyana Konvensiyasına əsasən, İran İslam Respublikası səfirliyimizin təhlükəsizliyinə məsuliyyət daşıyır. Amma İran hökuməti bu vəzifəsini yerinə yetirməmiş və yaxud yerinə yetirmək istəməmişdir. Lakin İran heç olmasa, hadisənin istintaqını obyektiv surətdə araşdırmalı, terror əməlinin arxasında dayananların aşkar edilib cəzalandırılmasını təmin etməlidir. Bizi bunu İrandan tələb edirik. Əks təqdirdə, İranın Ermənistanla daha bir ortaq xüsusiyyəti bir daha təsbit olunacaq və bu xüsusiyyət terrora dəstək vermək mahiyyətidir.
Çoxdandır ki, İrandakı terrorçulardan bizə qarşı təhdidlər eşidilirdi. Buna görə də İran hakimiyyətinin və müvafiq orqanların bu terror hadisəsinin baş verəcəyindən əvvəlcədən xəbərdar olmadıqlarına inanmaq çətindir. Amma hətta fərz etsək ki, onların bundan əvvəlcədən xəbəri olmayıb, o halda belə, İran hökumətinin, rəsmi dairələrinin və mətbuatının Azərbaycana qarşı apardığı geniş böhtan və düşmənçilik kampaniyasını, eləcə də nifrət çıxışlarını nəzərə aldıqda, İran bu hadisəyə görə ən azından mənəvi məsuliyyət və cavabdehlik daşıyır. İran nə beynəlxalq hüquqa, nə də etikaya sığmayan bu davranışlarına son qoymalı, dinc və normal qonşuluq münasibətlərinə qayıtmalıdır. Qonşu ölkəyə nifrət və düşmənçilik təbliğ etməkdənsə, öz daxili problemlərinə diqqətini yönəltməli və İranda tüğyan edən etirazlara daha həssas yanaşmalıdır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09