MM-in deputatı Fransa Senatının sədrinə və Senatın Fransa-Qafqaz dostluq qrupunun rəhbərinə məktublar ünvanlayıb

0

Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Soltan Məmmədov Fransa Respublikası Senatının sədri Jerar Larşeyə və Senatın Fransa-Qafqaz dostluq qrupunun rəhbəri Alen Uperə məktublar ünvanlayıb.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Deputat Senatın sədrinin Ermənistan Parlamentinin sədri Alen Simonyanla görüşü barədə özünün tvitter hesabından paylaşdığı məlumatın Azərbaycan ictimaiyyətində təəccüb və ciddi narazılıqla qarşılandığını ifadə edib. O, Jerar Larşenin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun təcili açılması tələbinin, habelə “Ermənistanın təhlükəsizliyinin təminatı” məqsədilə ona Fransa tərəfindən müdafiə xarakterli silahların verilməsinin sürətləndirilməsi yönündə çağırışının regionda vəziyyəti yenidən gərginləşdirmək cəhdi kimi qəbul edildiyini bildirib.

Məktubda Fransa Senatı sədrinin fikirlərinin ABŞ və Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə ölkələrin bir sıra mübahisəli məsələləri razılaşdırdığı, danışıqlar prosesində əhəmiyyətli irəliləyişə nail olunduğu vaxta təsadüf etdiyi təəssüflə bildirilib. Baş tutmuş yüksək səviyyəli danışıqlarda Ermənistanın və Azərbaycanın BMT Nizamnaməsinə, 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini nümayiş etdirərək, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını bəyan etdikləri diqqətə çatdırılıb. Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına böyük ümidlər yarandığı belə bir həssas dövrdə Fransanın yüksək vəzifəli dövlət nümayəndəsi tərəfindən səsləndirilən fikirlərin yeni mübahisələr və gərginlik yaratmaqdan başqa heç nəyə xidmət etmədiyi vurğulanıb. 

Soltan Məmmədov məktubunda Fransa Senatı sədrinin Laçın yolunun bağlı olması barədə fikirlərinin həqiqəti əks etdirmədiyini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir neçə gün öncə qəbul etdiyi qərarında Ermənistanın Laçın yolu ilə bağlı müvəqqəti təminat tələbini rədd etdiyini, məhkəmənin nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olmadığına dair qərarını, məhkəmənin ölkəmizin 21 dekabr 2022-ci il tarixli qərarın tələblərini pozduğunu müəyyən etmədiyini diqqətə çatdırıb. 

Deputat Ermənistanın iyunun 15-də Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən hərbi təxribatına, habelə Ermənistan tərəfinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoylarından qeyri-qanuni fəaliyyətlər üçün sui-istifadə etməklə müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanmasına baxmayaraq, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada həyata keçirilməsi üçün bütün imkanların yaradıldığını bildirib. 

Daha sonra məktubda Ermənistanın beynəlxalq konvensiyaların tələblərini pozaraq, Azərbaycan ərazisində minalar basdırması, nəticədə müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə əksəriyyəti mülki şəxs olmaqla, 300-dən çox insanın mina qurbanı olması barədə məsələyə Fransanın bu günə qədər laqeyd münasibət sərgiləməsini təəssüflə bildirilib.

Soltan Məmmədov məktubunda Jerar Larşeyə Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri adından müraciət edərək, onu Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq üçün mühitin yaradılmasına heç bir faydası olmayan, Azərbaycanla Fransa arasında dərin köklərə malik və geniş spektri əhatə edən ikitərəfli münasibətlərə zərər vuran addımlardan və təşəbbüslərdən çəkinməyə dəvət edib. 

Soltan Məmmədov Senatın Fransa-Qafqaz dostluq qrupunun rəhbəri Alen Uperə ünvanladığı məktubunda isə Fransa Senatı sədrinin fikirlərinin Azərbaycan cəmiyyətində dərin  anlaşılmazlıq doğurduğu, Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına böyük ümidlər yarandığı dövrdə Fransanın yüksək vəzifəli dövlət nümayəndəsinin səsləndirdiyi müharibəyə və silahlanmaya çağırışların bizim xalqlarımızın təhlükəsiz, azad və firavan gələcəyinə xidmət etmədiyi bildirilib. 

Deputat son dövrlərdə Azərbaycanla Fransa arasında bir çox sahələri əhatə edən, xalqlarımızın ortaq maraqlarından irəli gələn tərəfdaşlıq əlaqələrinin zədələndiyini, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı etimad mühitinin bərpa olunması üçün səylərini bundan sonra da davam etdirməsinin vacibliyini qeyd edib. Soltan Məmmədov senatorun Fransa ilə Azərbaycan arasında dərin tarixi köklərə malik əlaqələri yüksək qiymətləndirdiyini bildiyini, onun bütün imkanları səfərbər edərək, Fransa ictimaiyyətinə, Senat rəhbərliyinə və üzvlərinə Azərbaycanın haqlı və ədalətli mövqeyini çatdırmaq üçün əlindən gələni edəcəyinə dair əminliyini ifadə edib. 

Məktubun sonunda Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri belə bir həssas dövrdə beynəlxalq ictimaiyyətdən, müxtəlif ölkələrin yüksək dövlət vəzifələri tutan, ictimai rəyə təsir imkanlarına malik olan siyasətçilərdən, o cümlədən fransalı siyasətçilərdən gözləntilərin müharibəyə çağırışlar deyil, sülh, əməkdaşlıq və birgəyaşayış formulunu tapmağa yardım etmək olduğunu diqqətə çatdırıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir