Milli Məclisin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş xüsusi iclası keçirilib
Mayın 8-də Azərbaycan Respublikası Milli Məclisinin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş xüsusi iclası keçirilib.
İclası açan spiker Sahibə Qafarova bildirib ki, bugünkü xüsusi iclas “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilir və onun Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilməsi iclasa xüsusi əhəmiyyət verir.
Spiker qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin həyatında üç mühüm dönüş nöqtəsinin tarixi əhəmiyyətini ifadə edir. Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.
Milli Məclisin sədri deyib ki, müasir Azərbaycanın tarixi Ulu Öndər Heydər Əliyevin milli qurtuluşun və davamlı inkişafın təcəssümünə çevrilmiş fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Ulu Öndər xalq və vətən yolunda göstərdiyi misilsiz xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır. Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. Onun ölməz ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq.






⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI