Milli Məclisin sədri Sahibə QafarovaTBMM Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay ilə görüşüb.


Görüşdə üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli münasibətlərin regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa töhfə verdiyi bildirilib. Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, bu gün həm regionumuzda, həm də qlobal səviyyədə baş verən proseslər, mövcud olan çağırışlar parlamentlərimizin xarici əlaqələr komitələrinin birgə işinin davam etdirilməsini labüd edir. Vurğulanıb ki, üçtərəfli parlament əməkdaşlığı çərçivəsində reallaşdırılan bu mühüm tədbir ölkələrimiz arasında parlamentlərarası münasibətlərin səviyyəsinin daha da artırılmasına xidmət edir.