Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 24 iyun 2023-cü il tarixli iclasında yekun nitqi
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, iki gündən sonra xalqımız Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü böyük qürur hissi ilə qeyd edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunmuşdur. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilmiş, əzəli və tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən xilas edilmişdir.
Tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması naminə canından keçmiş şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını biz heç zaman unutmayacağıq.
Bu gün Silahlı Qüvvələrimiz işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Biz əminik ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da inkişaf edəcək və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcəkdir.
Hörmətli həmkarlar!
Silahlı Qüvvələr Günü münasibəti ilə biz müzəffər Ali Baş Komandanı, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Azərbaycanın milli maraqlarının və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayırıq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI