Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 29 dekabr tarixli plenar iclasında “Konstitusiya və Suverenlik İli” barədə çıxışı
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Möhtərəm Prezidentin bu qərarı xalqımızın və dövlətimizin Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk Konstitusiyamız müasir Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasında önəmli rol oynamışdır.
Xalqımız Konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi yolu ilə gedərək cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrətamiz uğurlar qazanmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatında ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması xalqımızın və dövlətimizin həyatında müstəsna əhəmiyyətli hadisə olmuşdur. Bu hadisə həm də ölkəmizin bütün ərazisində Konstitusiyamızın hüquqi qüvvəsinin bərpasını təmin etmişdir.
Hörmətli həmkarlar!
İnamla söyləmək olar ki, “Konstitusiya və Suverenlik İli” milli dövlətçilik şüurunun daha da möhkəmlənməsinə töhfə verərək, ölkə vətəndaşlarının ümumi dəyərlər və gələcəyə birgə baxış əsasında daha sıx birləşməsinə kömək göstərəcək.
Ölkəmiz tarixi mirasına, ötən dövrdə əldə etdiyi nailiyyətlərə əsaslanaraq qlobal çağırışlara cavab vermək əzmini nümayiş etdirəcək. Bununla yanaşı, Azərbaycanın Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə bağlılığı beynəlxalq birliyin məsuliyyətli və tərəqqipərvər üzvü kimi onun nüfuzunu daha da yüksəldəcəkdir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI