Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2023-cü il 19 dekabr tarixli plenar iclasında çıxışı
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, dekabrın 15-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında ölkəmizin ictimai-siyasi həyatı üçün son dərəcə böyük əhəmiyyətə malik olan bir qərar qəbul edilmişdir. Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyev gələn il fevralın 7-nə təyin edilmiş Prezident seçkilərində partiyadan namizəd göstərilmişdir.
Əlbəttə, bu qərar bütün Azərbaycan xalqının arzu və istəyini ifadə etmişdir. Dünya miqyaslı siyasi və dövlət xadimi olan möhtərəm cənab İlham Əliyev ölkəmizə heyrətamiz uğurlar gətirən fəaliyyəti ilə xalqımızın dərin hörmət və məhəbbətini qazanmışdır.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət konsepsiyası yeni tarixi şəraitdə yaradıcı surətdə davam etdirilmiş və daha da zənginləşdirilmişdir. Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxmış, geniş bir bölgədə söz sahibinə çevrilmişdir.
Möhtərəm cənab İlham Əliyev Azərbaycanın müzəffər sərkərdəsi kimi adını tarixə həkk etmişdir. Onun siyasi-diplomatik və hərbi-strateji məharəti sayəsində 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə nəticələnmişdir. Dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərpa olunması xalqımızın milli qürurunu özünə qaytarmışdır.
Hörmətli həmkarlar!
Azərbaycanın müasir tarixinin son iyirmi ili cəmiyyət və dövlət həyatının bütün sahələrində davamlı yeniləşmə, sürətli sosial-iqtisadi inkişaf, möhkəm ictimai-siyasi sabitlik və tərəqqi, milli qürur, həmrəylik və birlik, gələcəyə sonsuz inam anlayışları ilə bağlıdır.
Əminliklə söyləmək olar ki, möhtərəm cənab İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə, dövlətçilik təfəkkürü və idarəçilik məharəti dövlətimizin müstəqil inkişaf yolu ilə bundan sonra da inamla irəliləməsini təmin edəcək. Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq və yeni zirvələri fəth edəcəkdir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI