Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2 may 2023-cü il tarixli plenar iclasında giriş nitqi
Hörmətli deputatlar!
Bildiyiniz kimi, Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 27-28-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Türk Dövlətləri Parlament Assambleyasının on ikinci plenar iclasında iştirak etmək idi.
Qeyd edim ki, iclasda “Daha ədalətli dünya üçün parlament diplomatiyası: enerji, miqrasiya, ərzaq” mövzusu ətrafında müzakirələr aparıldı.
Mən öz çıxışımda TÜRKPA-nın fəaliyyətinin ölkələrimiz arasında birlik və həmrəyliyin güclənməsinə parlament dəstəyini təmin etdiyini, eyni zamanda, türk dünyasının vahid mövqeyinin beynəlxalq parlament platformalarında eşidilməsinə imkan yaratdığını qeyd etdim, regionumuzda və daha geniş məkanda təhlükəsizlik, sabitlik və rifahın təmin edilməsində, miqrasiya proseslərinin mənfi nəticələrinin idarə olunmasında, zəngin neft-qaz ehtiyatlarımızın beynəlxalq bazarlara nəql edilməsində dövlətlərimizin əməkdaşlığının, məsuliyyətli davranışlarının, irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti barədə fikirlərimi bölüşdüm.
Azərbaycan torpaqları Ermənistanın işğalından azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq işləri barədə də məlumat verdim.
Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün Azərbaycanın göstərdiyi səylərə mane olan amilləri, o cümlədən Ermənistanın mina terrorunun davam etdiyini, onun yalan iddialar ilə beynəlxalq ictimaiyyəti aldatdığını, revanşist qüvvələrə meydan verdiyini, etnik zəmində nifrəti və irqi ədavəti təşviq etdiyini, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hərbi təxribatlar törətdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdım.
Bu təxribatların qarşısının alınması məqsədi ilə Azərbaycanın suveren hüququndan istifadə edərək beynəlxalq hüquq prinsipləri və normaları əsasında Laçın-Xankəndi yolunun başlanğıcında Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurduğunu da bildirdim.
Hörmətli həmkarlar!
İclasda bir sıra mühüm qərarlar qəbul edildi. Xüsusən, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində TÜRKPA-nın müşahidəçi statusu alması ilə bağlı müraciət edilməsi məsələsi nəzərdən keçirildi və dəstəkləndi. Bununla yanaşı, Türk Dövlətlərinin Parlament Assambleyasında Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin müşahidəçi statusu əldə etməsi ilə bağlı müraciətinə baxıldı və Parlament Şəbəkəsinə Assambleyada müşahidəçi statusu verildi.
Eləcə də, TÜRKPA-nın növbəti on üçüncü plenar iclasının gələn ilin may-iyun aylarında Azərbaycanda keçirilməsi qərara alındı.
Parlament Assambleyasının plenar iclası Ankara Bəyannaməsinin qəbul olunması ilə başa çatdı.
Hörmətli həmkarlar!
Ankaraya işgüzar səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopla görüşümüz oldu. Görüşdə qardaş dövlətlərimiz arasında münasibətlərin dərinləşməsində parlamentlərarası əməkdaşlığın rolu ilə bağlı müxtəlif məsələlər nəzərdən keçirildi.
Görüşün sonunda Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalandı. Bu günə qədər belə Saziş yox idi. Ona görə də biz bu Sazişi imzaladıq.
Hörmətli həmkarlar!
Hesab edirəm, nümayəndə heyətimizin Ankaraya işgüzar səfəri uğurlu keçdi və bununla əlaqədar mən nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI