Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya parlamentinin sədri ilə görüşüb

Oktyabrın 8-də ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi parlament nümayəndə heyəti Milli Məclisə gəlib.
Qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Qordan Yandrokoviç burada Xatirə kitabını imzalayıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç arasında geniş tərkibdə görüş olub.
Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin son 11 ildə parlament rəhbəri səviyyəsində ilk səfər olmaqla yanaşı, ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib.
Görüşdə ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasından ötən 30 il ərzində münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əlaqələrimizin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu qeyd edilib.






Arzu Paşaqızı