Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın yeni Baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 15-də TÜRKPA-nın Baş katibi Ramil Həsənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Spiker Sahibə Qafarova təşkilatın Baş katibini yeni fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd olunub ki, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən xalqlarımızın birlik və həmrəyliyinin gücləndirilməsi, qardaş ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, qarşılıqlı dəstək və birgə fəaliyyətin daha da möhkəmləndirilməsində türk əməkdaşlıq təşkilatları özünəməxsus rol oynayırlar. Bu sırada TÜRKPA çərçivəsində əməkdaşlığın dərinləşməsinin əhəmiyyəti vurğulanaraq, bildirilib ki, Türk Dövlətləri Parlament Assambleyası parlamentlərimizin qarşılıqlı faydalı işbirliyinin səmərəli mexanizminə çevrilib və ortaq maraqlarımızı reallaşdırmağa imkan verən mühüm platforma kimi çıxış edir.



Arzu Paşaqızı