Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Dekabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Qonaqla növbəti dəfə görüşməkdən məmnunluğunu bildirən Milli Məclisin sədri Bakıda keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının əhəmiyyətindən danışıb. İki ölkə arasındakı münasibətlərin Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını özündə ehtiva etdiyini deyən Milli Məclisin sədri bu gün iqtisadi, ticarət, təhsil, turizm, parlamentlərarası və digər sahələrdə əlaqələrimizin günbəgün daha da gücləndiyini qeyd edib. Söhbət zamanı dövlət başçıları arasındakı şəxsi münasibətlərin və sıx təmasların müttəfiqlik münasibətlərinin ardıcıl inkişafını təmin edən əsas amil olduğu vurğulanıb. Spiker Sahibə Qafarova Türkiyənin COP31-in ev sahibi seçilməsi münasibətilə təbriklərini çatdırıb və Azərbaycanın həmişə qardaş ölkənin yanında olduğunu deyib.

Arzu Paşaqızı