Milli Məclisin sədri Sahibə Qafarova Rumıniya Deputatlar Palatasının sədri ilə görüşüb

0

Fevralın 27-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Rumıniya Deputatlar Palatasının sədri İon-Marçel Çolakunun başçılıq etdiyi nümayəndə heyəti  ilə görüşüb.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova bu səfərin iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafına, dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri ölkələrimiz arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu xatırladaraq, Rumıniyanın Azərbaycan Respublikasının müstəqilliyini tanımış dünyada ikinci, Avropa İttifaqı ölkələri arasında isə ilk ölkə olduğunu qeyd edib.

Azərbaycan-Rumıniya dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini deyən Sahibə Qafarova, ölkələrimiz arasında əlaqələrin inkişafında səfirliklərin uğurlu fəaliyyətini qeyd edib.

Milli Məclisin sədri vurğulayıb ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və görüşlər müstəsna rol oynayır. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumınıyaya səfərlərini, o cümlədən 2022-ci il dekabrın 17-də baş tutmuş sonuncu işgüzar səfərini xüsusi qeyd edib. Spiker, həmçinin Rumıniya dövlət başçılarının ölkəmizə səfərlərini, xüsusən cari il fevral ayının 2-dən 3-dək Rumıniya Prezidenti Klaus Yohannisin rəsmi səfərini xatırladıb. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu qarşılıqlı səfərlər ölkələrimiz arasında yüksək səviyyəli fəal siyasi dialoqun mövcud olduğunu göstərir.

Milli Məclisin sədri bildirib ki, iki ölkə arasında müqavilə-hüquq bazası kifayət qədər zəngindir, həmçinin iqtisadiyyat, enerji sahəsində əlaqələrimiz yaxşı səviyyədədir. Ticarət dövriyyəmiz getdikcə artmaqdadır. Bununla yanaşı, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial var.

Azərbaycanla Rumıniyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından danışan Sahibə Qafarova qeyd edib ki, bu əməkdaşlığın, qarşılıqlı dəstəyin davam etdirilməsi önəmlidir.

İki ölkənin mədəniyyət sahəsindəki əlaqələrini qeyd edən Milli Məclisin sədri vurğulayıb ki, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin, bir sıra digər qurumların fəaliyyəti  mədəni əlaqələrimizin inkişafına töhfə verir. 

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın hələ 1918-ci ildə müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk ölkə olduğunu, həmçinin Azərbaycanın müsəlman Şəqrində ilk operanın, baletin və teatrın təşəkkül tapdığı ölkə olduğunu diqqətə çatdırıb.  

Ölkələrimiz arasındakı münasibətlərdə parlamentlərin özünəməxsus yeri olduğunu deyən Milli Məclisin sədri bu gün parlamentlərimiz arasında səmərəli əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib. O, ötən dövr ərzində parlament sədrləri, dostluq qrupları səviyyəsində baş tutmuş qarşılıqlı səfərlərin, hər iki parlamentdə fəaliyyət göstərən dostluq qruplarının əhəmiyyətini qeyd edib. 

Qarşılıqlı səfərlərin münasibətlərin inkişafındakı rolundan danışan Milli Məclisin sədri Rumıniya parlamentindəki dostluq qrupunun 2022-ci ilin aprelində Azərbaycana səfəri şərçivəsində işğaldan azad olunmuş ərazilərimizə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər etdiklərini, həm ermənilər tərəfindən törədilmiş dağıntıların, həm də hazırda Azərbaycan tərəfindən həyata keçirilən geniş bərpa-quruculuq işlərinin şahidi olduqlarını qeyd edib.

Söhbət zamanı spiker Sahibə Qafarova parlamentlərarası əlaqələri daha da inkişaf etdirmək üçün parlament komitələri səviyyəsində əməkdaşlığın vacibliyini qeyd edib.  

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsi, öz ərazi bütövlüyünü bərpa etməsi barədə də danışıb. O, münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və ərazilərimizin işğaldan azad edilməsini tələb edən qətnamələrin uzun müddət icra olunmadığını, nəhayət  2020-ci ildə Azərbaycanın öz gücünə həmin qətnamələrin icrasının təmin edildiyini bildirib. 

Milli Məclisin sədri hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesi, barədə də məlumat verib. Spiker Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipi əsasında iki ölkə arasında sülh sazişinin imzalanmasını təklif etdiyini, lakin Ermənistanın danışıqlarda destruktiv mövqe göstərdiyini diqqətə çatdırıb. 

Azərbaycana rəsmi səfərə dəvətə görə təşəkkürünü bildirən Rumıniya Deputatlar Palatasının sədri İon-Marçel Çolaku qeyd edib ki, ölkələrimiz arasında sıx əlaqələr mövcuddur və Azərbaycan Cənubi Qafqazda Rumıniyanın strateji tərəfdaşıdır.

Bu gün Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşən Deputatlar Palatasının sədri diqqətə çatdırıb ki, əgər o, Azərbaycanda yaşasaydı, Prezident İlham Əliyevin ən böyük dəstəkçilərindən olardı. 

İon-Marçel Çolaku iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı, bu sahədə dostluq qruplarının rolu, Rumıniya ilə Azərbaycan arasında enerji sahəsində həyata keçirilən birgə layihələrin Avropanın enerji təhlükəsizliyinə töhfəsi barədə fikirlərini bölüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmiz, prezidentimiz və xalqımız haqqında dediyi səmimi sözlərə görə İon-Marçel Çolakuya təşəkkürünü bildirib.

Söhbət zamanı hər iki parlament sədri beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə Milli Məclisin komitə sədri Musa Quliyev, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvü Ağalar Vəliyev, Mili Məclis Aparatının rəhbəri Fərid Hacıyev, hər iki ölkənin səfirləri Hüseyn Nəcəfov, Vasile Soare və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir