Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasının Prezidenti ilə görüşüb
Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Andjey Duda ilə görüşüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayan Prezident Andjey Duda Polşa və Azərbaycan arasında münasibətlərin səviyyəsindən razılığını bildirib. O, ölkərimizin hər zaman dost ölkələr olduğunu, gələcəkdə də belə olacağını, münasibətlərimizin ilbəil daha da inkişaf etdiyini bildirib. Dövlət başçısı, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə bu ölkəyə, özünün isə 2019-cu ildə Azərbaycana səfərini xatırladaraq, bu təmasların ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə qalxmasında mühüm rolunu qeyd edib.
Prezident Andjey Duda, həmçinin Bakıya səfəri zamanı aldığı xoş təəssüratlarını bölüşüb, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini vurğulayaraq, bu inkişafın yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Prezident Andjey Duda onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Səmimi görüş üçün minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını Polşanın dövlət başçısına çatdırıb. Spiker bildirib ki, bu, onun Azərbaycan Milli Məclisinin sədri kimi Polşaya ilk səfəridir. Sahibə Qafarova bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə və genişlənməsinə kömək edəcəyinə inamını ifadə edib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan və Polşa dost və strateji tərəfdaş ölkələrdir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin daha da inkişafında müstəsna rol oynayır.
Milli Məclisin sədri vurğulayıb ki, ölkələrimiz beynəlxalq təşkilatların işində fəal iştirak edir və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına cavab verir. Azərbaycan Polşa ilə Avropa İttifaqı çərçivəsində də əməkdaşlıq edir. Spiker bildirib ki, Aİ ilə enerji sahəsində əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir. Azərbaycan neftlə yanaşı, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya etibarlı qaz təchizatçısına çevrilib. Bu, Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfədir. Bundan başqa, Azərbaycan və Polşa arasında qarşılıqlı investisiya və nəqliyyat-logistika əməkdaşlığının gücləndirilməsi Polşanın Orta Asiyaya və yeni bazarlara çıxışı baxımından vacibdir.
İki ölkə arasında parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan ilə Polşa arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir. Hər iki ölkənin parlamentində fəaliyyət göstərən qarşılıqlı dostluq qrupları, həyata keçirilən qarşılıqlı səfərlər parlament diplomatiyasının güclənməsinə xidmət edir. Biz iki dost və strateji tərəfdaş ölkənin parlamentləri kimi bir-birimizin problemlərini daha yaxşı başa düşmək, əməkdaşlığımızı inkişaf etdirmək və parlamentlərarası təşkilatlarda bir-birimizi dəstəkləmək üçün qarşılıqlı fəaliyyətimizi daha da artırmalıyıq.
Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işləri, Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib. Sahibə Qafarova deyib ki, Ermənistan Üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, hələ də öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb. O cümlədən, Laçın yolundan hərbi məqsədlər və qeyri-qanuni istismar etdiyi təbii sərvətlərimizin daşınması üçün istifadə edir. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda dinc aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə etiraz olaraq keçirilir. Lakin Ermənistan, guya Laçın yolunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Laçın yolundan 6 mindən çox avtomobilin keçidi sübut edir ki, bu yol humanitar məqsədlər üçün açıqdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
⤵️
⤵️
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI