Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko ilə görüşüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonağı salamlayan Sahibə Qafarova Azərbaycan parlamentinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakına görə, ona təşəkkürünü bildirib.
Spiker Sahibə Qafarova deyib ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub və bununla əlaqədar dövlət səviyyəsində, o cümlədən Milli Məclis tərəfindən yubiley tədbirləri həyata keçirilir. Bu gün keçirilən Milli Məclisin xüsusi iclasında dünyanın bir çox ölkələrinin parlamentlərindən və beynəlxalq parlament təşkilatlarından nümayəndələr iştirak edir.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində ömrünü Azərbaycan dövlətçiliyinin qorunmasına, möhkəmlənməsinə və xalqın rifahına xidmətə həsr etmişdir. Ulu Öndər öz liderlik keyfiyyətləri, uzaqgörən siyasəti, möhkəm iradəsi ilə Azərbaycanın ən taleyüklü məqamlarında iqtisadi, sosial, siyasi tənəzzülü aradan qaldırmaq, qeyri-stabillik şəraitində dövləti xilas etmək, onun dağılması və vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq kimi tarixi missiyanı yerinə yetirərək adını ölkəmizin tarixinə əbədi həkk etmişdir.
Spiker Sahibə Qafarova vurğulayıb ki, müasir Azərbaycan dövlətçiliyinin banisi olan Ümummilli Lider Heydər Əliyevin bizlərə ən qiymətli ərməğanı olan müstəqil Azərbaycan hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf etməkdədir və qədirbilən xalqımız da həmişə öz böyük oğlunun xatirəsini qəlbində əziz tutacaq və yaşadacaqdır.
Sahibə Qafarova Azərbaycanın Parlamentlərarası İttifaqla əməkdaşlığa böyük əhəmiyyət verdiyini, onun parlamentlərarası münasibətlərin və qlobal parlament diplomatiyasının inkişafındakı rolunu yüksək qiymətləndirdiyini deyib.
Rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Parlamentlərarası İttifaqın işində yaxından iştirak etməsindən söz açan Sahibə Qafarova Milli Məclisin 2022-ci ilin fevralında Avrasiya geosiyasi qrupuna üzv seçilməsini qeyd edib. Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi hərəkatın Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünü dəstəklədiyinə və tədbirlərində iştirakına görə Duarte Paçekoya təşəkkürünü bildirib.
Sahibə Qafarova deyib ki, Azərbaycan parlamentlərarası əməkdaşlığa sadiqdir və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi də ümumi məqsədlərə töhfə verməyə, digər parlament təşkilatları, o cümlədən Parlamentlərarası İttifaqla qlobal maraq doğuran məsələlərin həlli yollarını tapmaq üçün birgə işləmək niyyətindədir.
Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko Milli Məclisin Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş xüsusi iclasına dəvətə görə təşəkkür edib, tədbirdə iştirakdan məmnunluğunu dilə gətirib.
Duarte Paçeko təmsil etdiyi qurumda Azərbaycanın fəal üzvlərdən biri olmasını məmnunluqla qeyd edərək, Azərbaycanın Parlamentlərarası İttifaqın üzvü kimi əhəmiyyətli rolunu vurğulayıb.
Duarte Paçeko müasir dövrdə parlament diplomatiyasının genişləndirilməsinin əhəmiyyətindən danışaraq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə Parlamentlərarası İttifaqla Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında əməkdaşlıqla bağlı bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI