Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədri ilə görüşüb

0

Milli Məclisin sədri Sahibə Qafarova mayın 22-də ölkəmizdə səfərdə olan Monteneqro Parlamentinin sədri Daniyela Curoviç ilə görüşüb.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

 

Qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova, Bakıda Milli Məclisin ATƏT Parlament Assambleyası ilə birgə təşkil etdiyi  “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda iştirakına görə Daniyela Curoviçə təşəkkürünü ifadə edib. Sahibə Qafarova konfransın müasir dövrün çox aktual mövzularına həsr olunduğunu diqqətə çatdırıb.

Bu görüşün iki ölkə və parlamentlər arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını bildirən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan və Monteneqro dost ölkələrdir. Dövlətlərimiz, parlamentlərimiz arasında sıx əlaqələr mövcuddur və bu əlaqələr intensiv şəkildə inkişaf edir. Spiker, xüsusilə vurğulayıb ki, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verir. Onun sözlərinə görə, ölkələrimiz siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq edir. Spiker Sahibə Qafarova Azərbaycanla Monteneqro arasında beynəlxalq təşkilatlarda da uğurlu münasibətlərin mövcud olduğunu bildirib.

Görüşdə qeyd olunub ki, ikitərəfli əlaqələrin mühüm bir istiqamətini də parlamentlər arasında münasibətlər təşkil edir. Dostluq qrupları arasında qarşılıqlı təmaslar, parlamentarilərin qarşılıqlı səfərləri bu münasibətlərin inkişafına töhfə verir.

Milli Məclisin sədri qonağa regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri barədə geniş məlumat verib. Parlamentin spikeri xatırladıb ki, 30 il ərzində Ermənistanın işğalı altında olan bütün şəhər və rayonlarımız, kənd və qəsəbələrimiz tamamilə dağıdılıb, talan olunub. O, deyib ki, hazırda Azərbaycan dövləti öz gücü hesabına Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhərlər və kəndlər”, “yaşıl enerji” konsepsiyalarına uyğun olan modern şəhər və kəndlər salır. Bu yanaşmanın ilk uğurlu nümunəsi məcburi köçkünlərin artıq geri qayıtdığı Ağalı kəndidir. Sahibə Qafarova deyib ki, bu gün keçirilən konfrans iştirakçılarının Zəngilana nəzərdə tutulan səfəri zamanı onlar həm Ermənistan tərəfindən törədilən dağıntıları, vəhşilikləri, həm də Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işlərini öz gözləri ilə görəcəklər.

Monteneqro Parlamentinin sədri Daniyela Curoviç göstərilən qonaqpərvərliyə görə, minnətdarlığını bildirərək, Milli Məclisin ATƏT Parlament Assambleyası ilə birgə təşkil etdiyi və “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransın yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb. O, bu səfərin Azərbaycanın və Monteneqronun Müstəqillik günləri ərəfəsində baş tutduğunu qeyd edərək, bu münasibətlə təbriklərini çatdırıb.

Daniyela Curoviç Azərbaycanın Monteneqro üçün dost ölkə olduğunu bildirərək, ölkələrimizin bir çox sahələrdə əməkdaşlığını qeyd edib. Qonaq, parlamentlərimiz arasında da münasibətlərin uğurla inkişaf etdiyini bildirərək, həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində müsbət əlaqələrin qurulduğunu söyləyib. O, bu istiqamətdə qarşılıqlı fəaliyyətin davam etdirilməsinin önəmini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir