Milli Məclisin sədri Sahibə Qafarova Malayziyada AİPA-nın 2-ci Qadın Siyasi Liderlər Forumunda çıxış edib

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının (AİPA) sessiyasında iştirak etmək məqsədilə Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 17-də AİPA-nın 2-ci Qadın Siyasi Liderlər Forumunda çıxış edib.
Tədbirin açılışında çıxış edən AİPA-nın Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman tədbirin əhəmiyyəti barədə fikirlərini səsləndirib. O, həmçinin Milli Məclisin sədri Sahibə Qafarovanı salamlayaraq, Forumda iştirakına görə ona təşəkkürünü bildirib.
Spiker Sahibə Qafarova çıxışında AİPA-nın qadınlarla bağlı məsələləri daim gündəmdə saxlamasını təqdir edərək, xüsusilə, daha inklüziv və gender məsələlərinə həssas yanaşan parlamentlərin qurulması ilə bağlı müzakirələrin bütün qadın deputatlar üçün böyük maraq kəsb etdiyini bildirib.




