Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb

Yanvarın 23-də ölkəmizdə rəsmi səfərdə olan İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib.
Qonaqlar parlamentin plenar iclas zalı ilə tanışlıqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Fransina Armenqol burada Xatirə kitabını imzalayıb.


Sonra Milli Məclisin sədri Sahibə Qafarova və İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasın başçılıq etdiyi nümayəndə heyəti arasında geniş tərkibdə görüş olub.
Görüşdə bu səfərin İspaniya parlament sədrinin Azərbaycana ilk səfəri kimi xüsusi əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycan Milli Məclisi sədrinin 2025-ci ilin mayında İspaniya Krallığına ilk rəsmi səfərindən sonra həyata keçirilən bu səfər İspaniya ilə Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Söhbət zamanı bu səfərin həm parlamentlərimiz arasında, həm də ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Arzu Paşaqızı