Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
Dekabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“turaninsesi.az” xəbər verir ki, söhbət zamanı diqqətə çatdırılıb ki, cari ildə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfərləri, eləcə də digər yüksək səviyyəli qarşılıqlı səfər və görüşlər, imzalanan sənədlər ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir və ölkələrarası əməkdaşlıq gündəliyinin xeyli zəngin olmasını göstərir.
Qeyd olunub ki, ölkələrimiz arasında həm siyasi-iqtisadi, ticarət və nəqliyyat sahələrində, həmçinin mədəni-humanitar sahələrdə əlaqələrin möhkəmlənməsi və əməkdaşlıq imkanlarının genişlənməsi ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verir. Eyni zamanda vurğulanıb ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və həyata keçirilən birgə layihələr böyük əhəmiyyət kəsb edir.





Arzu Paşaqızı