Milli Məclisin sədri Sahibə Qafarova COP30 çərçivəsində “Enerji Keçidi” mövzusunda sessiyada çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Federativ Respublikasının Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində “Enerji Keçidi” mövzusunda tematik sessiyada çıxış edib.
Parlamentin spikeri çıxışında qeyd edib ki, təmiz enerjiyə keçidin sürətləndirilməsi istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişikliyinə qarşı mübarizə aparılması və dayanıqlı inkişafın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün indiyədək əldə olunmuş nailiyyətlər əsasında ardıcıl və qətiyyətli səylər göstərilməlidir. Bununla yanaşı, enerji istehsalı, paylanması və istehlakı sahəsində köklü transformasiyanın həyata keçirilməsi tələb olunur ki, bu da həm qlobal ehtiyacların ödənilməsinə, həm də iqlim dəyişikliyinin yaratdığı çağırışların effektiv şəkildə həll olunmasına xidmət etməlidir.
Milli Məclisin sədri xatırladıb ki, enerji keçidi COP29 sədrliyinin fəaliyyətində əsas prioritetlərdən biri olub. Azərbaycan Beynəlxalq Enerji Agentliyi ilə birgə dörd Yüksək Səviyyəli Enerji Keçidi Dialoqu təşkil edib, dünyanın müxtəlif regionlarından tərəfdaşları bir araya gətirib. Bu müzakirələr enerji sahəsində gündəliyin formalaşdırılmasına istiqamət verib. Nəticə etibarilə, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Avropa İqtisadi Komissiyası (UNECE), Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə sıx əməkdaşlıq çərçivəsində COP29 sədrliyi üç mühüm enerji təşəbbüsünü təqdim edib: Qlobal Enerji Saxlancı və Şəbəkələri Vədi, Yaşıl Enerji Zonaları və Dəhlizləri Vədi və COP29 Hidrogen Bəyannaməsi.
Milli Məclisin sədri deyib ki, bu təşəbbüslər Paris Sazişi çərçivəsində aparılmış ilk Qlobal Qiymətləndirmədən əldə olunan nəticələrə və mövcud öhdəliklərə əsaslanır, icra boşluğunun aradan qaldırılmasının və təxirəsalınmaz addımların zəruriliyini əks etdirir.



Arzu Paşaqızı