Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Assosiasiyası sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşdə qeyd olunub ki, Azərbaycan ilə Çin Xalq Respublikası arasında münasibətlər yüksək inkişaf dinamikası ilə səciyyələnir və çox yüksək səviyyədədir. Xüsusilə son zamanlarda münasibətlərimizin inkişafında böyük intensivlik müşahidə olunur.
Milli Məclisin sədri deyib ki, Azərbaycan ilə Çin arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər. Bildirilib ki, ölkələrimiz üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan hər zaman birmənalı olaraq “vahid Çin” siyasətini, onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Spiker Sahibə Qafarova Çinin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəklədiyi diqqətə çatdırılıb.
Görüşdə qeyd olunub ki, Azərbaycan və Çin dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli siyasi dialoq ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı üçün möhkəm zəmin yaradıb. Xatırladılıb ki, Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Çinə ilk rəsmi səfəri əlaqələrimizin təməlini qoyub. Prezident İlham Əliyevin Çinə səfərləri, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşləri münasibətlərimizin inkişafına böyük stimul verib.
Söhbət zamanı, iki ölkə arasında münasibətlərin dərinləşməsində parlamentlərin də vacib rolu qeyd edilib. Vurğulanıb ki, son illərdə bu əlaqələr daha da sıxlaşıb. Qarşılıqlı səfərlər münasibətlərin daha da inkişafına töhfə verir. O cümlədən, parlamentlərimizdə fəaliyyət göstərən dostluq qrupları əlaqələrimizdə körpü rolunu oynayır. Həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində parlamentlərarası əlaqələrin genişləndirilməsi imkanları mövcuddur.
Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin də öz növbəsində qeyd edib ki, ölkələrimiz arasında əlaqələr dövlət başçılarımızın rəhbərliyi altında sağlam, sabit inkişaf yolu keçib. Onun sözlərinə görə, prezidentlərimiz arasında mövcud olan şəxsi dostluq əlaqələri münasibətlərimizə təkan verir. Hazırda ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu söyləyən Yan Vanmin vurğulayıb ki, onun ölkəsi Azərbaycanla əlaqələrə böyük dəyər verir və Azərbaycanın inkişaf yoluna böyük hörmət göstərir. Vurğulanıb ki, Çin ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, o cümlədən, Azərbaycanın da “vahid Çin” siyasətini dəstəkləməsini yüksək qiymətləndirir.
Parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edən qonaq məlumat verib ki, Çin Xalq Assosiasiyası xarici ölkə parlamentləri ilə əlaqələrin inkişafına töhfə verir. Assosiasiya bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Parlamentin üzvü kimi dostluq qruplarında təmsil olunduğunu deyən Yan Vanmin bu sahədə işə böyük əhəmiyyət verdiyini, Azərbaycan parlamenti ilə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduğunu qeyd edib. O, qeyd edib ki, parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsi ölkə başçılarının əsasını qoyduğu strateji tərəfdaşlıq xarakterli əlaqələrin inkişafına daha çox töhfə verir.
Görüşdə humanitar və mədəni sahələrdə əməkdaşlıq əlaqələrinin dərinləşməsinin xalqlarımız arasında əlaqələrin daha da inkişafına xidmət etdiyi, elm, mədəniyyət, gənclər siyasəti sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib. Diqqətə çatdırılıb ki, mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi Heydər Əliyev Fondu və Çin Xalq Assosiasiyası arasında münasibətlərdir. Onların birgə həyata keçirdiyini layihələr xalqlarımızın yaxınlaşmasına, əlaqələrin güclənməsinə töhfə verir.
Yan Vanmin rəhbərlik etdiyi Assosiasiyanın 150 ölkədən 500-dən çox qurumla əməkdaşlıq etdiyini bildirərək, vurğulayıb ki, Heydər Əliyev Fondu bu regionda Assosiasiyanın ən yaxın tərəfdaşıdır.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanın Əliyevanın rəhbərliyi ilə nəinki ölkəmizdə çox mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçirir, eyni zamanda, dünyanın bir çox ölkələrində vacib işlərə imza atır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI