Milli Məclisin sədri Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Asiya üçün Boao Forumunın İllik Konfransında çıxış edib.
Spiker Sahibə Qafarova çıxışında ilk olaraq, Boao Forumunun əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, artan geosiyasi gərginliklər, daha da dərinləşən bərabərsizliklər və qlobal çağırışlar dövründə dialoq və əməkdaşlığın artıq seçim deyil, zərurət olduğunu söyləyərək, bu baxımdan, Boao Forumunun kollektiv düşüncə və əlaqələndirilmiş fəaliyyət üçün mühüm bir platforma kimi çıxış etdiyini söyləyib. Onun sözlərinə görə, 25 ildən artıq müddətdə Forum öz dəyərini sübut edib, liderlərin və ekspertlərin bir araya gələrək praktik həll yolları irəli sürdüyü, davamlı inkişafı təşviq etdiyi və beynəlxalq əməkdaşlığı gücləndirdiyi bir məkan kimi tanınıb.
Milli Məclisin sədri çıxışında, həmçinin müasir beynəlxalq arenada Çinin artan roluna diqqət çəkərək, deyib ki, Çin bu günün beynəlxalq münasibətlər sistemində mühüm və konstruktiv rol oynayır. Onun sözlərinə görə, Çinin iqtisadi, sosial və texnoloji inkişaf sahəsində əldə etdiyi möhtəşəm nailiyyətlər və bu uğurları bölüşmək səyləri bəşəriyyət üçün ortaq gələcəyə əsaslanan, irəliyə yönəlmiş baxışı əks etdirir. O, inamını ifadə edib ki, Çin Xalq Nümayəndələri Yığıncağının qəbul etdiyi 15-ci Beşillik Planın uğurla icrası bu baxışı daha da inkişaf etdirəcək və genişləndirəcək.



Arzu Paşaqızı