Milli Məclisin sədri Sahibə Qafarova

0

Qırğızıstan Joqorku Keneşinin sədri ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Əvvəlcə Joqorku Keneşin sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra o, Milli Məclisdə Heydər Əliyev Muzeyində olub və Xatirə kitabını imzalayıb.

Görüşdə xalqlarımızın ortaq tarixinin, mədəniyyətinin, dil və dininin ölkələrimiz arasında əlaqələrin əsasını təşkil etdiyi qeyd olunaraq, bildirilib ki, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı əlaqələr məhz bu möhkəm təməl üzərində qurulub. Vurğulanıb ki, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub. Bu illər ərzində dövlətlərimiz arasındakı əlaqələr dostluq və qarşılıqlı anlaşma prinsipləri əsasında davamlı inkişaf edib və artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək vurğulanıb ki, prezidentlərimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər, fəal siyasi dialoq iki ölkə arasında əlaqələrin dinamikasına çox mühüm təsir edir.

Görüşdə  Azərbaycan-Qırğızıstan münasibətlərində qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri xüsusi qeyd olunub.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etmələrindən razılıq ifadə olunub. O cümlədən, qeyd edilib ki, Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında çoxtərəfli əməkdaşlıqda xüsusi əhəmiyyətə malikdir. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisdə keçirilmiş andiçmə mərasimindəki proqram xarakterli çıxışında Azərbaycanın qarşısında duran vəzifələrdən danışarkən, bizim Türk dünyasından başqa ailəmizin olmadığını bildirib.

Görüşdə qeyd olunub ki, bu gün qanunvericilik orqanlarımız arasında səmərəli əməkdaşlıq qurulub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri, deputatlarımızın müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində daimi təmasları bu əməkdaşlığın inkişafına mühüm təkan verir. Bu mənada parlament komitələri, dostluq qrupları arasındakı əlaqələrin önəminə diqqət çəkilib.

Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev 28 May – Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb.

O, ötən il Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək məqsədilə ölkəmizə səfər etdiyini xatırladaraq, Ulu Öndərin bütün Türk dünyasının qüruru olduğunu və bu tədbirdə iştirak etməklə dahi liderin xatirəsinə hörmət və ehtiramlarını ifadə etdiklərini söyləyib. Nurlanbek Şakiyev bu kimi tədbirlərin yalnız parlamentlər deyil, xalqlarımız arasında da münasibətlərin inkişafına töhfə verdiyini bildirib.

O, qarşılıqlı səfərlərin, deputatlarımız arasında təmasların ikitərəfli əlaqələrin, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Nurlanbek Şakiyev deyib ki, ölkələrimiz arasında çoxəsrlik tarixi kökləri olan dostluq münasibətlərinin inkişaf etdirilməsi xalqlarımızın maraqlarına uyğundur. Joqorku Keneşin sədri parlamentlərimizin beynəlxalq platformalarda  qarşılıqlı dəstəyinin davam etdirilməsi, birgə təşəbbüslərin irəli sürülməsi ilə bağlı fikirlərini bölüşüb. 

Söhbət zamanı Milli Məclisin sədri  qonağa regiondakı vəziyyət haqqında məlumat verib. O, Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından qurtarmasından, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən söz açıb, ölkəmizin regionda sülhün əldə olunması istiqamətində atdığı addımlar və irəli sürdüyü təşəbbüslərdən, sülh sazişinin imzalanması istiqamətində görülən işlərdən danışıb, bəzi üçüncü tərəflərin regionda sülhün bərqərar olmasına törətdiyi əngəlləri diqqətə çatdırıb.

Sahibə Qafarova qonaqların sabah Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə – Füzuli və Şuşa şəhərlərinə səfəri zamanı işğal dövründə Ermənistan tərəfinin törətdiyi dağıntılarla və Azərbaycanın azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olacaqlarını deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir