MM sədr müavini Adil Əliyev 8 Noyabr-Zəfər Günü münasibətilə hüquqi yardım aksiyası təşkil edib
Noyabrın 5-də 8 Noyabr – Zəfər Günü münasibətilə Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov II seçki dairəsində hüquqi yardım aksiyası təşkil edib.
Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə keçirilən hüquqi yardımla bağlı silsilə tədbirlərin davamı olaraq təşkil edilmiş hüquqi yardım aksiyası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının dəstəyi ilə “Femida” Vəkil Bürosu tərəfindən həyata keçirilib. Büronun 6 vəkili tərəfindən şəhid ailələrinə və qazilərə ərazi məhdudiyyəti olmadan, eləcə də, 20 saylı Nərimanov ikinci seçki dairəsinin əhatə etdiyi ərazidəki hüquqi yardıma ehtiyacı olan 62 şəxsə hüquqi yardım göstərilib.
Vətəndaşların toxunduğu mülkiyyət, mənzil hüququ, əmlak tələbi, maddi ziyanla bağlı məsləhət, aliment, müavinətlər, habelə qanunsuz işdən çıxarılma ilə bağlı müxtəlif məzmunlu müraciətlərlə əlaqədar vəkillər tərəfindən peşəkar hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib edilib.
Şəhid ailələri, qazilər, eləcə də hüquqi yardımda iştirak edən vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.