Milli Məclisin plenar iclasında

0

Oktyabrın 24-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Turanın səsi ” Komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlardan Ceyhun Məmmədov, Azay Quliyev, Kamilə Əliyeva, Vahid Əhmədov, Tural Gəncəliyev, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Etibar Əliyev çıxış edərək, gündəmdə olan bəzi aktual mövzular barədə öz fikirlərini açıqlayıblar.

Deputatlar son vaxtlar Qərbin, xüsusən Avropanın Azərbaycanın şanlı qələbəsini həzm edə bilməyən bəzi qüvvələri tərəfindən ölkəmizə qarşı sərgilənən qərəzli və ədalətsiz mövqeyinə etirazlarını bildiriblər, bunu təzyiq kimi dəyərləndiriblər, xüsusən Fransanın Azərbaycanı qaralama kampaniyasında canfəşanlığını onun Cənubi Qafqazda nüfuz sahibi olmaq üçün apardığı çirkin siyasətin təzahürü kimi qiymətləndiriblər. Millət vəkilləri həmçinin Fransanın Cənubi Qafqaza kobud müdaxilələrini, Ermənistanı silahlandırmasını, militarist sövdələşmələr bağlamasını regionda yeni müharibələrin alovlanmasına xidmət etdiyini, bölgədə sülhə və təhlükəsizliyə böyük təhdidlər yaratdığını vurğulayıblar. Çıxışçılar ölkəmizə qarşı əsassız bəyanatlar səsləndirənlərin Ermənistanın 30 il torpaqlarımızı işğal altında saxlayaraq hərbi cinayətlər törətməsinə, mədəni, dini, tarixi abidələrimizi yer üzündən silməsinə biganə qaldığı halda, öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanı sanksiyalarla hədələməsini siyasi riyakarlığın, ikili standartların bariz nümunəsi kimi qiymətləndiriblər.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi keçirilib.

Spiker Sahibə Qafarova bildirib ki, iclasda 16 məsələ müzakirə olunacaq, ilk 12 məsələ üçüncü oxunuşda olan qanun layihələridir. Sahibə Qafarova diqqətə çatdırıb ki, 1-ci məsələ olan “Energetika haqqında” qanun layihəsinə (üçüncü oxunuş) Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində baxılıb və sənədlə bağlı məlumat vermək üçün komitənin sədri Sadiq Qurbanova söz verib. 

Komitə sədri Sadiq Qurbanov “Energetika haqqında” qanun layihəsinin birinci və ikinci oxunuşda geniş müzakirə edildiyini və müzakirələrin nəticəsində layihədə bir sıra texniki xarakterli düzəlişlərin, dəqiqləşdirmələrin aparıldığını bildirib. O, aparılan dəyişikliklər barədə məlumat verərək deputatları qanun layihəsini üçüncü oxunuşda dəstəkləmələrini xahiş edib. 

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. Əli Məsimli layihə barədə komitəyə heç bir irad və təklif daxil olmadığı üçün sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

3-cü məsələ olan Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Notariat haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov sənədə dair heç bir rəy və təklifin daxil olmadığını bildirib və layihənin səsə qoyulmasını xahiş edib 

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin – 4-cü və 5-ci məsələlərin cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib. Spiker qeyd edib ki, bu məsələlər “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələridir.

Qanun layihələri barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib. O, əvvəlki oxunuşlarda hər iki sənəd barədə ətraflı məlumat verildiyini söyləyib, layihələrin ümumilikdə deputatlar tərəfindən dəstəkləndiyini, sənədlərlə bağlı mahiyyət üzrə  heç bir əlavə rəy və təklifin daxil olmadığını bildirib. O, həmkarlarının polis işçilərinin sosial rifahı ilə bağlı səsləndirdikləri bəzi qeydlərə aydınlıq gətirib. 

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin 6-cı məsələsi olan və “Müharibə veteranı” adı almış şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət tərəfindən ödənilməsini nəzərdə tutan  “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib. O, bildirib ki, layihə ilə bağlı heç bir irad və təklif daxil olmayıb, ona görə də sənədin olduğu kimi səsə qoyulmasını təklif edib.

Sənədlə bağlı deputat Rəşad Mahmudovun səsləndirdiyi qeydə komitə sədri Bəxtiyar Əliyev aydınlıq gətirəndən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda növbəti məsələ ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O bildirib ki, “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsində arxiv sənədlərinin surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumlarının ləğv edilməsi təklif olunub. Komitə sədri ikinci oxunuşdan sonra komitəyə hər hansı bir təklif daxil olmadığı üçün layihəni səsə qoyulmasını xahiş edib. 

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Parlament sədri Sahibə Qafarova gündəliyin 8-ci məsələsinin  “Ovçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) olduğunu və layihəyə Milli Məclisin Aqrar siyasət komitəsində baxıldığını bildirib. Spiker məsələyə dair məlumat vermək üçün sözü komitənin sədri Tahir Rzayevə təqdim edib. 

Komitə sədri Tahir Rzayevə layihənin əvvəlki oxunuşlar zamanı deputatlar tərəfindən dəstəkləndiyini, sənədlə bağlı heç bir əlavə təklifin olmadığı deyib və sənədin səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

9-cu məsələ – “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, sənədlə bağlı ikinci oxunuşdan sonra  heç bir təklif daxil olmayıb və layihənin səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Növbəti məsələni – “Poçt haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O, bildirib ki, sənəd universal poçt rabitəsi xidmətlərinin tariflərinin müəyyən olunmasının yeni mexanizmlərini özündə ehtiva edir və ikinci oxunuşdan sonra  heç bir irad və təklif daxil olmadığı üçün mətnin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, gündəliyin 11-ci məsələsi olan “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb və layihəyə dair məlumat vermək üçün həmin komitənin üzvü Məşhur Məmmədova söz verib. 

Deputat Məşhur Məmmədov diqqətə çatdırıb ki, qanun layihəsi birinci və ikinci oxunuşda deputatlar tərəfindən dəstəklənib və sənədlə bağlı  heç bir irad bildirilməyib. O, deputatlardan üçüncü oxunuşda da qanun layihəsini dəstəkləmələrini xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin 12-ci məsələsi olan Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. 

O, qanun layihəsinin birinci və ikinci oxunuşlarında ətraflı məlumat verildiyini, sənədlə bağlı komitəyə irad və təklifin daxil olmadığını bildirib və həmkarlarından üçüncü oxunuşda da qanun layihəsini dəstəkləməyi xahiş edib. 

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, bununla gündəliyin üçüncü oxunuşda olan qanun layihələri başa çatıb, gündəliyin növbəti 3 məsələsi ikinci oxunuşda olan qanun layihələridir. Gündəliyin 13-cü məsələsi olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini  (ikinci oxunuş) müzakirəyə çıxaran spiker layihə ilə bağlı məlumat vermək üçün Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova söz verib

Komitə sədri Ziyafət Əsgərov diqqətə çatdırıb ki, qanun layihəsinin birinci oxunuşu zamanı layihənin konsepsiyası barədə geniş məlumat verilib. Qeyd edilib ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin qaydasının təkmilləşdirilməsini nəzərdə tutan qanun layihəsi ilə bağlı əvvəlki oxunuşda heç bir irad və təklif bildirilməyib.

Sənədin müzakirəsində deputatlar Vüqar Bayramov və Aydın Mirzəzadənin qeydlərinə komitə sədri Ziyafət Əsgərov münasibət bildirəndən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 14-cü məsələsi olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, qanun layihəsi ilə bağlı rəhbərlik etdiyi komitənin sənəddə təklif olunan dəyişikliklərə müsbət rəy verdiyini bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli qanun layihəsinin təmsil etdiyi komitədə müzakirə edildiyini və dəstəkləndiyini bildirib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev də layihəyə rəhbərlik etdiyi komitədə baxıldığını və komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 15-ci məsələsi olan  “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsini (ikinci oxunuş) müzakirəyə çıxaran spiker Sahibə Qafarova layihənin müzakirəsi ilə bağlı iclasda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin və İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdir müavini Nuranə Abbasovanın iştirak etdiyini diqqətə çatdırıb. Spiker layihə ilə bağlı məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə təqdim edib. 

Komitə sədri Tahir Mirkişili 6 fəsil, 27 maddədən ibarət “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsində təsbit olunan qiymətləndirmə fəaliyyətinin təşkili mexanizmlərindən, qiymətləndiriçilərə dair tələblərdən, Qiymətləndiricilər Palatasının yaradılmasından danışıb. O, sənədə dair komitəyə daxil olan təkliflərlə bağlı aparılan işlər barədə məlumat verib.

Qanun layihəsinin müzakirəsində deputatlar Vüqar Bayramov, Əli Məsimli, Fazil Mustafa, Əliabbas Salahzadə və Aydın Hüseynov çıxış ediblər, sənədlə bağlı fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qaldırılan məsələlərə münasibət bildirdikdən sonra qanun layihəsi ikinci  oxunuşda qəbul olunub.

Sonra spiker Sahibə Qafarova bildirib ki, növbəti məsələ “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında”  qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) gündəlikdəki sonuncu qanun layihəsidir. O, diqqətə çatdırıb ki, məsələyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb və layihə ilə bağlı məlumat vermək üçün sözü komitənin sədri Əli Hüseynliyə təqdim edib. 

Komitə sədri Əli Hüseynli bildirib ki, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı ötən il cinayət qanunvericiliyimizə müvafiq dəyişikliklərin edilib. Təqdim olunan layihə də həmin qanunvericilyə uyğunlaşdırma xarakteri daşıyır.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev rəhbərlik etdiyi komitənin sənədlə bağlı müsbət rəyini səsləndirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclasının işi başa çatıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir