Milli Məclisin plenar iclasında

Martın 17-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
İclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr keçirilib.

Müzakirələr zamanı çıxış edən parlamentin komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Sahib Alıyev, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Ceyhun Məmmədov, Hikmət Məmmədov, Tural Gəncəliyev, Bəhruz Məhərrəmov, Vüqar Bayramov gündəmdə olan bəzi məsələlərə dair öz fikirlərini bölüşüblər.
Deputatlar bu gün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin uğurla davam etdirilməsini, bununla yanaşı bu torpaqlarda milli-mənəvi dəyərlərimizin və ənənələrimizin də bərpasını yüksək qiymətləndiriblər. Vurğulanıb ki, bütün bu nailiyyətlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin uğurla davam etdirdiyi qətiyyətli siyasət, prinsipial mövqe, xalqımızın birliyi nəticəsində əldə edilib. Qeyd olunub ki, işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biridir və ölkə Prezidentinin bu prosesə dövlət siyasəti və uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi yanaşması nəticəsində qayıdış zonasında infrastrukturun ən müasir səviyyədə yenidən qurulması, sosial obyektlərin fəaliyyətinin keyfiyyətli şəkildə təşkili öz yurdlarına qayıdan köçkünlərin sürətli adaptasiyasına imkan verir.
Çıxışlarda dövlətimizin beynəlxalq tədbirlərdə özünün işğala son qoymaq və sülh yaratmaq təcrübəsini bölüşdüyü diqqətə çatdırılaraq, bu gün dünyada mövcud olan qlobal problemlərin həlli baxımdan ötən həftə keçirilmiş “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuş XIII Qlobal Bakı Forumunun mühüm əhəmiyyəti vurğulanıb.

Arzu Paşaqızı