Milli Məclisin plenar iclasında

Fevralın 24-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.


Milli Məclisin sədri iclasın əvvəlində bildirib ki, Birinci Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri xalqımıza qarşı bir sıra soyqırımı cinayətləri törədib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı aktı isə bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir. 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyi tarixi qələbələr sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa olunub və xalqımıza qarşı etnik təmizləmələrə və soyqırımı cinayətlərinə son qoyulub. Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb.
İclasda Xocalı şəhərində, digər yaşayış məntəqələrində erməni şovinizminin vəhşiliyinin qurbanı olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Arzu Paşaqızı