Milli Məclisin plenar iclasında

Fevralın 20-də parlamentin sədri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri diqqətə çatdırıb ki, bildiyiniz kimi, sabah dünya ölkələrində Beynəlxalq Ana Dili Günü qeyd olunacaq.

Azərbaycan dili dünyanın ən zəngin və gözəl dillərindən biridir. Bizim dilimiz əsrlər boyu xalqımızın milli mənlik şüurunun formalaşmasında və mədəni irsinin qorunmasında mühüm rol oynayıb.


Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ana dilimizin qorunmasına və inkişafına böyük diqqət yetirir. Ulu Öndərin bu sahədə başladığı strateji xətt ardıcıl davam etdirilir.
Milli Məclisin sədri deyib ki, ötən ilin noyabr ayında dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasında çıxışında Azərbaycan dilinin təmizliyinin qorunmasının və düzgün istifadə edilməsinin vacibliyini qeyd edib. O deyib ki, “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır.”
Spiker deyib ki, dövlət başçısı tərəfindən bu istiqamətdə həyata keçirilən işlərə Milli Məclis də parlament səviyyəsində dəstək göstərməyə çalışır. O, xatırladıb ki, ötən il dekabrın 8-də Milli Məclisdə Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyasına həsr edilən konfrans keçirilib. Spiker Sahibə Qafarova çıxışının sonunda vurğulayıb ki, qanunvericilik orqanı Azərbaycan dilinin inkişafı sahəsində irəli sürülən təşəbbüsləri bundan sonra da dəstəkləyəcəkdir.

Arzu Paşaqızı