Milli Məclisin plenar iclasında
Fevralın 10-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
İclasda cari məsələlərin müzakirəsi zamanı deputatlar Kamran Bayramov, Razi Nurullayev, Vüqar Bayramov, Aydın Hüseynov, Nurlan Həsənov, Rizvan Nəbiyev, Qüdrət Həsənquliyev, Fariz İsmayılzadə, Sahib Alıyev, Tural Gəncəliyev çıxış edərək ictimai-siyasi həyatda baş verən proseslərlə bağlı fikirlərini bölüşüblər.
Deputatlar vurğulayıblar ki, Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışları nəticəsində Cənubi Qafqazda sülh gündəliyi əsas prioritetə çevrilib. Azərbaycan və Ermənistanın siyasi liderlərinin davamlı təmasları dövlətlərarası normallaşma prosesinin ardıcıl və prinsipial xarakter aldığını göstərir. Qarabağ münaqişəsinə son qoyulması, bölgədə sülhün bərqərar olması, nəqliyyat dəhlizlərinin açılması regiona olan marağı əhəmiyyətli dərəcədə artırıb. Regionda baş verən proseslər beynəlxalq təhlükəsizliyə, enerji marşrutlarına, yeni geosiyasi balansın formalaşmasına təsir göstərir. Bu baxımdan, ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Ermənistana və Azərbaycana səfəri regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir, Azərbaycanla ABŞ arasında münasibətlərin daha da inkişafına şərait yaradır. Qeyd olunub ki, bu səfəri Azərbaycan və ABŞ prezidentləri arasında ötən il Vaşinqtonda, cari ildə isə Davosda aparılan siyasi dialoqun regionda davamı kimi qiymətləndirmək olar.




Arzu Paşaqızı