Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb

Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb

Noyabrın 25-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, iki gün öncə Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası uğurla başa çatdı. Hesab edirəm ki, tədbirin iqlim dəyişmələri probleminin həlli üçün göstərilən qlobal səylərə verdiyi töhfələr haqqında hələ çox danışılacaq. Bəşəriyyətin gələcəyi ilə bağlı olan bu dünya miqyaslı tədbiri ən yüksək səviyyədə keçirməklə, Azərbaycan istər regional, istərsə də qlobal iqlim problemlərinin həllində lider imicini möhkəmləndirdi və yeni mötəbər toplantıların keçirilməsi imkanlarını daha da artırdı.
COP29 çərçivəsində noyabrın 16-da və 17-də Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirildi. Tədbirdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 67 ölkədən 95 nümayəndə heyəti, başqa sözlə, 345 nəfər parlament təmsilçisi iştirak edirdi.
Spiker diqqətə çatdırıb ki, o, görüşün açılışında etdiyi çıxışda bir tezisi xüsusilə vurğulayaraq bildirib ki, Azərbaycan hələ COP29-a ev sahibi seçilməzdən xeyli əvvəl möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iqlimlə bağlı fəaliyyəti, yaşıl gündəliyi öz milli planlarının mərkəzinə yerləşdirib.
Ölkəmiz könüllü öhdəliklər götürərək, bərpa olunan enerji layihələri həyata keçirərək və yaşıl enerji zonaları yaradaraq, gələcək inkişaf yolunda əzm və qətiyyət nümayiş etdirib.
O, həmçinin qeyd edib ki, bilik, təcrübə və qabaqcıl praktika mübadiləsi sahəsində parlament əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Biz qanunvericiliyimizi daha da təkmilləşdirməli, hökumətlərimizi öz səylərini daha yaxşı səfərbər etməyə təşviq etməliyik.
Spiker məlumat verib ki, Parlament Görüşü çərçivəsində yeddi sessiya keçirilib.
Sahibə Qafarova qeyd edib ki, tədbir zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu imzalanıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI