Milli Məclisin plenar iclasında

0

Dekabrın 16-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib. 

Əvvəlcə, iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədri Siyavuş Novruzov, deputatlardan Razi Nurullayev, Azay Quliyev, Sabir Rüstəmxanlı, Əli Məsimli, Tural Gəncəliyev, Rəşad Mahmudov, Şahin İsmayılov, Məlahət İbrahimqızı  son günlər ərzində Şuşa-Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti  nümayəndələrinin və ekologiya fəallarının həyata keçirdiyi etiraz aksiyası ilə bağlı fikirlərini açıqlayıblar, aksiya iştirakçılarının mövqeyini dəstəklədiklərini bildiriblər. Millət vəkilləri ekoloqların bu ərazilərdə monitorinq keçirməsinə maneçilik törədilməsini pisləyərək qeyd ediblər ki, Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına son qoyulmalıdır. Ermənistanın bu dinc aksiyanı təhrif olunmuş şəkildə beynəlxalq ictimaiyyətə çatdırdığını deyən deputatlar, bu aksiyanı Azərbaycan xalqının erməni tərəfinin davam etdirdiyi təxribatlara, talançılığa və sülhməramlıların fəaliyyətinə narazılığının ifadəsi kimi dəyərləndiriblər.

Turanın səsi ” xəbər verir ki , sonra Milli Məclisin sədri Sahibə Qafarova son iki gündə parlamentdə mühüm mövzularla bağlı dinləmələrin keçirildiyini diqqətə çatdırıb. O, bu dinləmələrdə deputatların, QHT nümayəndələrinin, ekspertlərin iştirak etdiyini bildirib və dinləmələr barədə məlumat vermək üçün müvafiq komitələrin sədrlərinə söz verib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin spikeri Sahibə Qafarovaya bu cür dinləmələrin keçirilməsi üçün yaratdığı imkana və dəstəyə görə təşəkkürünü ifadə edib. O, rəhbərlik etdiyi komitənin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda keçirdiyi dinləmənin əhəmiyyətindən danışıb, tədbirdə qadın sahibkarların iştirak etdiyini deyib. 

Sonra çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dinləmələrin səmərəli keçdiyini söyləyib. O, Azərbaycan qanunvericiliyində sahibkarlıqda qadın və kişiyə fərq qoyulmadığını, gender bərabərliyinin qanun səviyyəsində təmin edildiyini söyləyib. Komitə sədri tədbirin həm qanunvericilikdə sahibkarlar üçün olan yeniliklərin diqqətə çatdırılması, həm də sahibkarların təkliflərinin, o cümlədən qadınların iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı qeydlərinin dinlənilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev rəhbərlik etdiyi komitə ilə Elm və Təhsil Nazirliyinin “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirdiyi birgə ictimai dinləmə barədə məlumat verib. O, müəllimlərin hər zaman dövlətin diqqət mərkəzində olduğunu deyib. Qeyd edib ki, sertifikatlaşdırmanın məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Komitə sədri tədbirdə elm və təhsil nazirinin sertifikatlaşdırma və onun nəticələri barədə geniş təqdimatla çıxış etdiyini, deputatların məsələ ilə bağlı fikirlərini səsləndirdiklərini, ictimaiyyəti narahat edən suallara aydınlıq gətirildiyini bildirib. Komitə sədri məsələnin  müəllimlər, təhsil ekspertləri və ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini söyləyib. 

Sonra parlamentin sədri Sahibə Qafarova gündəlikdə 25 məsələnin olduğunu diqqətə çatdırıb. Bildirib ki, birinci məsələ – “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsidir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələblərinə əsasən, qanun layihəsi beynəlxalq sənədlə bağlı olduğuna görə bir oxunuşda baxılıb, qəbul ediləcək.

Məsələ barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva məlumat verib. O, bildirib ki, Konvensiya 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanıb. Sənəd 13 maddədən və 2 əlavədən ibarətdir. Konvensiyanın məqsədi iştirakçı dövlətlər arasında konsulluq sahəsində əməkdaşlığı gücləndirmək və öz vətəndaşlarının maraqları naminə üçüncü ölkənin ərazisində onların qanuni hüquq və maraqlarının müdafiəsi sistemini təkmilləşdirməkdir. Konvensiyanın müddəalarına əsasən, əməkdaşlıq vasitəsi ilə müxtəlif hallarda üçüncü dövlətlərin ərazisində və onların razılığı ilə tərəflərdən birinin bu dövlətlərdə diplomatik nümayəndəlik və konsulluğunun olmadığı halda, vətəndaşların hüquq və maraqlarının müdafiəsi üzrə onların bir-birinə qarşılıqlı yardım göstərməsi nəzərdə tutulub. Bu yardım diplomatik nümayəndəlik və ya konsulluğun səlahiyyəti çərçivəsində ən yaxın diplomatik nümayəndəliyin məlumatlandırılması vasitəsilə həyata keçiriləcək.

Komitə sədri Bəxtiyar Əliyev və deputat Hikmət Məmmədov məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 3 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

Sonra Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, bildirib ki, qanun layihəsinin məqsədi bu gün Azərbaycan cəmiyyətində mövcud olan siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi, onların cəmiyyətdə yerinin və rolunun müəyyən edilməsindən ibarətdir. Qeyd edilib ki, sənədin hazırlanması zamanı  Azərbaycanda mövcud siyasi sistemin bütün xüsusiyyətləri və Avropa dövlətlərinin bu sahədə təcrübəsi nəzərə alınıb. Eyni zamanda, beynəlxalq təşkilatların rəylərinə riayət olunub. Vitse-spiker qanun layihəsində demokratik prinsiplərə əməl edildiyini, sənədin hərtərəfli müzakirəsinin  həyata keçirildiyini diqqətə çatdırıb.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı bildirib ki, ikinci oxunuş zamanı 16 deputat çıxış edib, bir neçə deputat isə yazılı şəkildə öz təkliflərini təqdim edib. O, bu deputatlarla işçi qaydasında görüşlərin keçirildiyini və bütün təkliflərin dəyərləndirildiyini söyləyib. 

Birinci vitse-spiker təkliflərin bir hissəsinin qanunun Konstitusiyaya uyğunluğu ilə bağlı məsələlər olduğunu deyib. Habelə, qanunun icrası ilə əlaqədar yarana biləcək çətinliklərlə bağlı məsələlərin qaldırıldığını, buna dair müzakirələrin aparıldığını və qanun layihəsinə bir sıra dəyişikliklərin edildiyini bildirib. O, diqqətə çatdırıb ki, dəyişikliklərə əsasən, siyasi partiya orqanlarının anlayışı verilən 1.1.4-cü maddədə və 12 – 17-ci maddələrdə “icra orqanı” ifadəsi “qurultaylararası kollegial idarəetmə orqanı”  ifadəsi ilə əvəz edilir. Habelə, reyestrdə siyasi partiyalara ianə verən şəxslər və digər hallarda onların fərdi identifikasiya nömrəsinin tələb olunması ilə bağlı narahatçılığa dair məsələnin də araşdırıldığı və bununla əlaqədar olaraq qanunun 5.3, 20.10 və 23.2.7-ci maddələrindən bu tələbin çıxarıldığı bildirilib. Sənədə qanunvericilik texnikası və digər qanunlarla uyğunlaşdırma ilə bağlı edilən digər düzəlişlər də nəzərə çatdırılıb. 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qanun layihəsinin beynəlxalq tələblərə uyğun hazırlandığını və demokratik müddəaları özündə ehtiva etdiyini bildirib.

Komitə sədri Siyavuş Novruzov və deputat Sabir Rüstəmxanlı məsələ barədə fikirlərini səsləndiriblər.

Sonra “Siyasi partiyalar haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsini təqdim edərək sənədə hər hansı rəy və təklifin daxil olmadığını deyib. Layihədə dayanma və ya durma qaydalarının pozulması ilə bağlı bütün növ inzibati xətalara görə məsuliyyətin elektron qaydada tərtib edilən qərarlar əsasında müəyyən edilməsi qaydası nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Deputat Kamal Cəfərov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə də məlumat verib. O, bu qanun layihəsinə də hər hansı bir dəyişikliyin olmadığını deyib. Layihədə nəqliyyat vasitəsinin mühərrikinin işçi həcmindən asılı olmayaraq, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbinin müəyyənləşdirilməsi təklif edilir.

Deputat Tahir Kərimli məsələ ilə bağlı bəzi qeydlərini bildirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Spiker Sahibə Qafarova nəzərə çatdırıb ki, gündəliyin 5-ci məsələsindən başlayaraq, növbəti 11 məsələ ikinci oxunuşda olan qanun layihələridir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, layihəyə əsasən, adı çəkilən hər iki medal “ASAN xidmət”in yaradılmasının 10 illiyi münasibəti ilə təsis edilir.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini  (ikinci oxunuş) diqqətə çatdırıb. O, qeyd edib ki, layihə 2023-cü il yanvarın 1-dən etibarən 2 il müddətinə təhsil müəssisələri tərəfindən idxal olunan avadanlıq, qurğu və cihazların gömrük rüsumundan azad edilməsini özündə ehtiva edir.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra komitə sədri Tahir Mirkişili növbəti iki məsələni – “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Banklar haqqında”, “Poçt haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini təqdim edib. Bildirib ki, hər iki qanun layihəsi ölkədə valyuta əməliyyatlarına nəzarəti artırmaq üçün valyuta vahid informasiya  sisteminin yaradılması, bu informasiya sisteminə məlumatların daxil edilməsi və onlardan istifadə olunması ilə bağlı qaydaları özündə əks etdirir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində qaydaların pozulmasına görə cərimələr müəyyən edilir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə təklif olunan uyğunlaşdırma xarakterli dəyişikliyə bu komitənin müsbət rəy verdiyini bildirib.

Deputatlar Etibar Əliyev, Azay Quliyev, Rüfət Quliyev məsələlərlə bağlı bəzi qeydlərini səsləndiriblər.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. Diqqətə çatdırılıb ki, layihə işğaldan azad olunmuş ərazilərin rezidentləri tərəfindən siyahısı təsdiq edilmiş fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur. 

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) nəzərə çatdırıb. Bildirilib ki, layihədə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasının təkmilləşdirilməsi, bu məqsədlə texnoloji və fiziki qoşulmanın bir-birindən fərqləndirilməsi, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasının və ya əlavə qaz həcmi almasının yeni qaydasının müəyyən edilməsi, habelə bir sıra dəqiqləşdirmə xarakterli düzəlişlərin edilməsi nəzərdə tutulub.

Komitə sədri Qənirə Paşayeva, deputatlardan Müşfiq Məmmədli, Vüqar Bayramov, Fəzail Ağamalı məsələ ilə bağlı fikirlərini, bir sıra qeyd və təkliflərini səsləndiriblər.

Komitə sədri Sadiq Qurbanov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun  layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirilib ki, layihə Ələt azad iqtisadi zonasının fəaliyyəti ilə əlaqədar olaraq miqrasiya sahəsində yaranan münasibətlərin Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş tənzimləmə nəzərə alınmaqla sadələşdirilməsini nəzərdə tutur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə bağlı bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihələri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş layihələrlə bağlı müzakirələr zamanı hər hansı təklif və sual daxil olmayıb. 

İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərə görə, inzibati məhkəmə icraatının iddiaçının seçimi əsasında elektron qaydada, ümumi prosessual qaydalara uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilmə imkanı müəyyən olunur. 

Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərə əsasən, dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi, övladlığa götürmə, vərəsəlik və digər hallarda videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılması istisna edilir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və  Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihələrini təqdim edib. O, hər iki qanun layihəsinə dair təklif və rəyin daxil olmadığını söyləyib.

Dəyişikliklərə əsasən, İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə “mülkiyyətçisi” sözündən sonra “o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi” sözləri əlavə edilir. Habelə, 393-1.6-cı maddəyə “mülkiyyətçilərinə” sözündən sonra “o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçilərinə” sözləri əlavə olunur.

Mənzil Məcəlləsinə isə 29.5-ci maddənin əlavə edilməsi təklif olunur. Əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsi kirayəçinin istifadəsinə verildiyi tarixdən kirayə hüquq münasibətlərinə xitam verilənədək bu Məcəllənin 38-ci, 43-47-ci və 119-145-ci maddələri üzrə çoxmənzilli binanın sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələr həmin kirayəçiyə verilir. 

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyin qalan növbəti 10 məsələsi birinci oxunuşda olan qanun layihələridir. Spiker növbəti beş məsələnin isə cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Bu beş məsələyə – 16-cı məsələ olan “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (birinci oxunuş), 17-ci məsələ olan “Hədəfli maliyyə sanksiyaları haqqında” (birinci oxunuş), 18-ci məsələ olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), 19-cu məsələ olan Mülki Prosessual və Cinayət-Prosessual məcəllələrində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və 20-ci məsələ olan Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrinə Milli Məclisin üç komitəsində baxılıb və qərara alınıb ki, həmin komitələrin layihələrlə bağlı təqdimatları və sənədlərin müzakirələri birgə keçirilsin. 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov qanun layihələri barədə məlumat verərkən bildirib ki, müzakirəyə çıxarılan dəyişikliklər FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) tövsiyələri əsasında hazırlanıb.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi (birinci oxunuş) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir. Qanun layihəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində önləyici tədbirlər müəyyən edilir.

“Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsi (birinci oxunuş) isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) aidiyyəti qətnamələrinə uyğun olaraq, terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının (HMS) tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov 16-cı, 17-ci, 18-ci və 20-ci  məsələlərə dair komitənin müsbət rəyini təqdim edib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə 17-ci və 20-ci məsələlərə dair komitəsinin müsbət rəy verdiyini bildirib.

Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Qənirə Paşayeva, deputatlar Tahir Kərimli, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Ceyhun Məmmədov, Erkin Qədirli çıxış edərək qanun layihələri ilə bağlı fikirlərini bildiriblər.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub. 

Parlamentin sədri gündəliyin 21-ci məsələsi olan Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərək bildirib ki, məsələ ilə bağlı iclasda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elnur Bağırov, İqtisadiyyat Nazirliyinin şöbə müdirinin müavini Kənan Məmişov və Qida Təhlükəsizliyi Agentliyinin hüquq şöbəsinin müdiri Əli Nəbiyev iştirak edirlər.

Qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verərək bildirib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun 2023-cü il yanvarın 1-də qüvvəyə minməsi ilə “Yeyinti məhsulları haqqında” Qanun qüvvədən düşəcək. Ona görə də təqdim olunan layihədə “Qida təhlükəsizliyi haqqında” Qanunda qəbul olunan müddəaların və yeniliklərin qanunvericilik aktlarında təsbit edilməsi nəzərdə tutulub. Digər ən böyük dəyişiklik “Yeyinti məhsulları haqqında” Qanunda ərzaq təhlükəsizliyi ilə bağlı olan müddəaların “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əlavə edilməsidir. Dəyişikliklərin istiqamətlərindən danışan komitə sədri təklif olunan müddəaların əhalinin ərzaq təhlükəsizliyi ilə bağlı mühüm məqamlarına toxunub, qida və yem məhsullarının idxalı və ixracı, həmçinin qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tənzimləmə və nəzarət mexanizmləri barədə ətraflı məlumat verib. 

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də rəhbərlik etdiyi komitənin layihə ilə bağlı müsbət rəylərini səsləndirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub. 

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, qanun layihəsi tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi və istehlakçıların elektrik şəbəkələrinə qoşulmasının asanlaşdırılması məqsədilə hazırlanıb.

Diqqətə çatdırılıb ki, sənəddə “elektroenergetika obyektləri”, “qoşulma nöqtəsi”, “qoşulma xidmətinə görə ödəniş”, “qoşulma müqaviləsi”, “ötürücü şəbəkə”, “enerji təchizatı şəbəkəsi (paylayıcı şəbəkə)”,  bir sıra digər yeni anlayışlar və onların izahları verilib.

Layihədə qoşulmanın normativ tənzimlənməsinin təmin edilməsi, qoşulma şərtləri müəyyən edilərkən istehlakçının kateqoriyasının, aldığı enerjinin həcminin və tikinti obyektinin statusunun nəzərə alınması, habelə  tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və əlavə güc alması qaydasının, qoşulma xidmətinə görə ödənişin məbləğinin müəyyən edilməsinə dair metodologiyanın müəyyən edilməsi üçün hüquqi əsasın yaradılması məsələləri ehtiva olunur.

Qeyd edilib ki, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı yeni maddənin  əlavə olunması nəzərdə tutulub. Əlavəyə əsasən, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji alması qoşulma müqaviləsi əsasında həyata keçirilir. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasına görə sifarişçi enerji təchizatı müəssisəsinə və ya dövlət elektroenergetika müəssisəsinə qoşulma xidmətinə görə ödəniş edir. Habelə, qeyd olunur ki, qoşulma nöqtəsi tikinti obyektlərinə  ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə müəyyən edilir.  Enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektləri gərginlik səviyyəsi və elektrik şəbəkəsinin gücü baxımından uyğun olan və elektrik stansiyasına ən yaxın məsafədə yerləşən qoşulma nöqtəsinə qoşulur.

Komitə sədri Qənirə Paşayeva, deputat Bəhruz Məhərrəmov sənədlə bağlı qeyd və təkliflərini səsləndiriblər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin 23-cü və 24-cü məsələləri cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olan qanun layihələridir və mahiyyətcə bir-birinə yaxındırlar. Qeyd olunub ki, məsələlərlə bağlı  Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov iclasda iştirak edir. Spiker qanun layihələri ilə bağlı məlumat vermək üçün sözü  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə təqdim edib. 

Komitə sədri bildirib ki, Gömrük Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri sahibkarlar üçün həssas bir məsələ olan gömrük dəyərinin müəyyən edilməsi üçün yeni yanaşmaları özündə ehtiva edir. Yeni müddəalara əsasən, bəyannaməçilər mal idxal etdikləri zaman malın dəyəri sadə və ədalətli üsullarla müəyyən olunacaq, bu məsələ ilə bağlı sahibkar və gömrük orqanı arasında olan hər hansı bir müraciətə gömrük orqanı 24 saat ərzində baxıb cavab verəcək. O, təklif olunan dəyişikliklərin gömrük prosedurlarının sadələşdirilməsi, sahibkarların maraqlarının qorunması baxımından əhəmiyyətini vurğulayıb. 

Deputat Aydın Hüseynovun fikirləri dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Gündəliyin sonuncu məsələsi olan  “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verərək deyib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, 2018-ci ildə “Əmək pensiyaları haqqında” Qanuna “Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nın müəyyən edilməsini nəzərdə tutan yeni maddə əlavə edilib. 

Təklif olunan qanun layihəsi sığorta stajının təsdiq edilməsi, əmək pensiyasının təyin olunması üçün müraciət, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə ilə bağlı prosedurların tənzimlənməsinin Qanunun 5.3-cü maddəsi ilə müəyyən edilmiş qaydaya uyğun həyata keçirilməsini nəzərdə tutur.

Eyni zamanda, layihədə qanunvericilikdə uyğunsuzluğun aradan qaldırılması məqsədilə “sağlamlıq imkanları məhdud” sözlərinin “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilməsi təklif olunub.

Sənədin müzakirəsində deputat Razi Nurullayevin səsləndirdiyi məsələlərə komitə sədri Musa Quliyev aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb. 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” vArzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir