Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib
Dekabrın 22-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
“Turanın səsi ” xəbər verir ki, İclası açan Milli Məclisin sədri bildirib ki, iki gün sonra, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin doğum günüdür.
Spiker diqqətə çatdırıb ki, qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan öz tarixinin ən şanlı dövrlərindən birini yaşayır. Biz siyasi, iqtisadi və hərbi qüdrəti ilə geniş bir bölgədə söz sahibi olan dövlətimizlə qürur duyuruq.
Sədr qeyd edib ki, son 30 ildə ölkəmizin inkişafı yolunda ən böyük maneə olan bir problem artıq keçmişdə qalıb. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və bu il sentyabrın 20-də antiterror tədbirləri nəticəsində əzəli tarixi torpaqlarımız olan Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.
Bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasını layiqincə davam etdirən dövlət başçısı möhtərəm cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasət xətti dayanır. Məhz onun fenomenal liderlik məharəti, idarəçilik bacarığı, əzmi və cəsarəti sayəsində Azərbaycan dünyanın sayılıb-seçilən dövlətləri sırasına çıxıb.
Milli Məclisin sədri vurğulayıb ki, möhtərəm cənab İlham Əliyev xalq və Vətən yolunda müstəsna xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb.
O, bildirib ki, ölkəmizin sürətli və dinamik iqtisadi inkişafı xalqımızın və dövlətimizin xoşbəxt gələcəyini təmin edən möhtəşəm layihələri reallaşdırmağa imkan verir. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün Qarabağda öz miqyasına görə heyrət doğuran bərpa-quruculuq işlərini əzmlə həyata keçirir.
Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız döyüş meydanlarında göstərdiyi hünərləri bu gün tikinti meydançalarında da nümayiş etdirir. Məcburi köçkün soydaşlarımız 30 il həsrətində olduqları ata-baba yurdlarına dönürlər.
Spiker Sahibə Qafarova deyib ki, möhtərəm cənab Prezidentin təşəbbüsü və iştirakı ilə dünən Xankəndi şəhərində baş tutan tədbirlər Azərbaycanın öz torpaqlarının əsl sahibi olduğunu, “Qarabağ Azərbaycandır!” həqiqətini bir daha bütün dünyaya çatdırdı.
Milli Məclisin sədri təklif edib ki, doğum günü münasibəti ilə möhtərəm cənab Prezidentə Milli Məclis adından təbrik məktubu ünvanlayaq. Məktubda Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində ölkə başçısına yeni uğurlar arzulayaq.
Spikerin təklifi alqışlarla qarşılanıb.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr keçirilib. Komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, Siyavuş Novruzov, deputatlardan Naqif Həmzəyev, Razi Nurullayev, Fəzail Ağamalı, Etibar Əliyev, Qüdrət Həsənquliyev, Elşən Musayev, Aydın Hüseynov çıxış ediblər.
Millət vəkilləri ölkəmizin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, sosial sahələrdə böyük nailiyyətlər əldə etdiyini, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində xalqımızın sarsılmaz inamını və dəstəyini qazandığını vurğulayıblar. Deputatlar postmünaqişə dövründə dövlətimizin qarşısında duran vəzifələrin uğurla həyata keçirildiyini, Azərbaycanın qalib dövlət olmaqla yanaşı, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrildiyini bildiriblər. Çıxış edənlər cari ilin 20 sentyabr tarixinin lokal antiterror tədbirləri ilə suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası günü kimi yadda qaldığını deyiblər.
Deputatlar çıxışlarında ölkəmizin beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndiyini və möhkəmləndiyini qeyd ediblər. Azərbaycanın dünya iqtisadiyyatına verdiyi töhfələrdən, o cümlədən ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu qlobal enerji layihələrinin mühüm əhəmiyyətindən bəhs edilib. Millət vəkilləri Azərbaycanın 2024-cü ildə COP-29 beynəlxalq konfransına ev sahibliyi edəcəyini söyləyərək, bunun dövlətimizin siyasi nüfuzunun daha da artdığının bariz nümunəsi olduğunu deyiblər.
Çıxışlarda Azərbaycana qarşı bəzi qüvvələrin məkrli plan və niyyətlərinə baxmayaraq, ölkə Prezidentinin səyləri və qətiyyəti sayəsində bu gün sülh müqaviləsinin bağlanması üçün heç bir maneənin olmadığı bildirilib. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəkdə də yeni-yeni nailiyyətlər əldə edəcəyinə inam ifadə olunub.
Müzakirələr zamanı deputatlar, həmçinin gündəmdə olan bir sıra digər aktual məsələlər barədə də fikirlərini açıqlayıblar.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bugünkü gündəlikdə 27 məsələnin olduğunu söyləyib. O, birinci məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib. Spiker qeyd edib ki, beynəlxalq sənədlə bağlı olduğuna görə, qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcək.
Məsələni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanıb. Saziş iki ölkə arasında hava əlaqəsinin yaradılması və həyata keçirilməsi məqsədi daşıyır.
Komitə sədri diqqətə çatdırıb ki, Sazişin müddəaları Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının müddəaları ilə şərtlənir. Sazişə əsasən, hər bir razılığa gələn tərəf digər razılığa gələn tərəfə beynəlxalq hava əlaqələri ilə əlaqədar olaraq, yerə enmədən öz dövlətinin ərazisi üzərindən uçmaq və qeyri-kommersiya məqsədləri üçün öz dövlətinin ərazisində dayanmaq kimi hüquqlar verir. Hər iki tərəfin təyin edilmiş aviasiya şirkətləri bu Sazişin əlavəsində qeyd olunan müəyyən olunmuş marşrutlarda razılaşdırılmış xidmətləri yerinə yetirmək üçün ədalətli və bərabər imkana malikdirlər. Sazişdə tərəflərə qarşılıqlı hava əlaqələri zamanı gömrük rüsumlarından və vergilərdən azadolma hüququ verən şərtlər müəyyənləşdirilib. Habelə mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardım göstərməsi nəzərdə tutulub.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu komitənin layihəyə müsbət rəy verdiyini söyləyib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin spikeri Sahibə Qafarova növbəti 17 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Aviasiya haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, məsələ ilə bağlı plenar iclasda ikinci oxunuş zamanı aparılan müzakirələrdə bəzi təkliflərin verildiyini, bu təkliflərin aidiyyəti dövlət qurumu ilə birlikdə araşdırıldığını və təklif irəli sürən deputatlara bu barədə arayışın təqdim edildiyini söyləyib.
15 fəsil, 68 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Sənəddə aviasiya sahəsində dövlətin əsas məqsəd və vəzifələri müəyyən edilib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Layihə mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektlərinin dairəsinin müəyyən edilməsi məqsədilə hazırlanıb. Dəyişiklik Vergi Məcəlləsində təsbit olunan elektron auditin aparılmasına dəstək verəcək, həmçinin layihədə qeyd olunan vergi ödəyiciləri tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyi artıracaqdır.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) nəzərə çatdırıb. O, layihənin birinci və ikinci oxunuşlarda deputatlar tərəfindən dəstəkləndiyini, əlavə heç bir təklifin olmadığını deyib və səsə qoyulmasını xahiş edib.
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu komitənin sənəd barədə müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, birinci və ikinci oxunuşlarda layihənin yekdilliklə dəstəkləndiyini bildirib və olduğu kimi səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Deputat məsələyə dair heç bir əlavə təklifin olmadığını deyib və səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, birinci və ikinci oxunuşlar zamanı sənədin ətraflı müzakirə olunduğunu, deputatlar tərəfindən dəstəkləndiyini, layihənin mətnində heç bir dəyişikliyin olmadığını deyib.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu komitənin məsələ ilə bağlı rəyini söylədikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti iki məsələsi ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. O, qeyd edib ki, bu, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələridir.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişikliklə bağlı məlumat verib. Bildirilib ki, layihə ilə bağlı heç bir əlavə təklif daxil olmayıb, sənədin mətnində dəyişiklik edilməyib. Layihədə işsizlikdən sığorta ödənişi almaq hüququ olan şəxslərin dairəsinin genişləndirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov isə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. O, layihəyə hər hansı təklifin olmadığını deyib və səsə qoyulmasını xahiş edib. Sənəddə sığortaedən tərəfindən işçilərin işsizlikdən sığorta etdirilməməsi və işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat verilməməsinə görə inzibati xətalar haqqında işlərə müəyyən edilən qaydalar çərçivəsində baxılması təklif olunur.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra parlamentin spikeri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 7 məsələsi Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub, məzmun və mahiyyət baxımından bir-birinə yaxındır. Sonra müvafiq komitələr tərəfindən bu qanun layihələri təqdim olunub.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrini təqdim edib. O, sənədlərin ticarət gəmiçiliyində və dəniz limanlarında iqtisadi və hüquqi münasibətləri tənzimləmək və dövlət rüsumunu müəyyən etmək məqsədilə hazırlandığını söyləyib.
Parlamentin sədri Sahibə Qafarova gündəliyin digər 3 məsələsinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxıldığını bildirib.
Komitənin üzvü Kamal Cəfərov bu 3 məsələni – Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələrini diqqətə çatdırıb. O, layihələrlə bağlı hər hansı təklifin olmadığını deyib və sənədlərin səsə qoyulmasını xahiş edib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, layihənin birinci və ikinci oxunuşlar zamanı deputatlar tərəfindən yekdilliklə dəstəkləndiyini deyib və səsə qoyulmasını xahiş edib.
Sonra gündəliyin bu 7 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Millət vəkili birinci və ikinci oxunuşlarda məsələ ilə bağlı heç bir əlavə təklifin daxil olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib. Qanun layihəsi maliyyə hesabatları və mühasibat uçotu sənədləri təqdim edilərkən dövlət və ya kommersiya sirri hesab edilən məlumatların qorunmasının tənzimlənməsi məqsədilə hazırlanıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov sənədlə bağlı rəyləri təqdim etdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti məsələsinin “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) olduğunu bildirib. O, layihəyə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində baxıldığını deyib.
Sonra bu komitənin üzvü Arzu Nağıyev qanun layihəsi barədə məlumat verib. O, sənədin birinci və ikinci oxunuşlar zamanı geniş müzakirə olunduğunu, təklif edilən dəyişikliklərlə bağlı parlament üzvlərini və ictimaiyyəti maraqlandıran məsələlərə aydınlıq gətirildiyini deyib. Millət vəkili layihənin dövlətçilik, ordu quruculuğu, müdafiə qabiliyyətinin artırılması, hərbçilərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması baxımından mütərəqqi sənəd olduğunu bildirib.
Məsələ barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu komitənin müsbət rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti məsələsi “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Spiker qeyd edib ki, bu qanun layihəsi uyğunlaşdırma xarakteri daşıyır və müvafiq Konstitusiya qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcək.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Əliabbas Salahzadə məsələ barədə məlumat verib. O, bildirib ki, hazırda qüvvədə olan “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 may 2023-cü il tarixli Qanunda müvafiq icazə olmadan tikilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasının qadağan edilməsi məsələsi ehtiva olunur. Layihədə bu qadağanın yeni qəbul edilmiş və 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan “Elektroenergetika haqqında” 2023-cü il 11 aprel tarixli Qanuna da əlavə edilməsi təklif olunur.
Müzakirələr zamanı Əliabbas Salahzadə deputat Vüqar Bayramovun qaldırdığı məsələyə aydınlıq gətirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova növbəti məsələnin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi olduğunu deyib. O, qanunvericiliyin tələbinə əsasən bu qanun layihəsinin də bir oxunuşda qəbul ediləcəyini söyləyib.
Birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli həmin sənəd barədə məlumat verib. O, bildirib ki, layihədə Şəhərsalma və Tikinti Məcəlləsinin 16.2-ci maddəsində “təşkili və fəaliyyəti qaydası, eləcə də sistemə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və işlənilməsi qaydaları” sözlərinin “əsasnaməsi” sözü ilə əvəz edilməsi təklif olunur.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son 7 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib. Spiker növbəti iki məsələnin – Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında və “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin ölkə Prezidentinin bir məktubu ilə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib. O, hər iki layihəyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxıldığını söyləyib.
Bu qanun layihələri barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib. O, Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinin “Arbitraj haqqında” qanun layihəsi ilə bağlı olduğunu, mahiyyətcə uyğunlaşdırma xarakteri daşıdığını və birinci oxunuşda sənədlə bağlı hər hansı bir sual yaranmadığını diqqətə çatdırıb. Nizami Səfərov “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin də “Arbitraj haqqında” qanun layihəsinə əsasən, yeni təsisatın yaranması ilə bağlı olduğunu bildirib. O, birinci oxunuşda müzakirələrdə qaldırılan məsələlərə aydınlıq gətirildiyini diqqətə çatdırıb.
Milli Məclisin komitə sədri Siyavuş Novruzovun səsləndirdiyi sualları deputat Nizami Səfərov cavablandırandan sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Gündəliyin 23-cü məsələsi olan “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. O, layihə ilə bağlı komitəyə hər hansı bir təklifin daxil olmadığını bildirib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin 24-cü məsələsi olan “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, ölkə Prezidenti tərəfindən təqdim olunmuş sənəddə həmin Qanunun 2.2-ci maddəsində nəzərdə tutulmuş müddətin uzadılması təklif olunur.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti məsələsi olan “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb. Milli Məclisin sədri layihə ilə bağlı məlumat vermək üçün komitə sədri Tahir Mirkişiliyə söz verib.
Komitə sədri Tahir Mirkişili nəzərə çatdırıb ki, layihədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə mülki iş üzrə ilk dəfə məhkəməyə müraciət edən fiziki şəxslər müəyyən edilmiş dövlət rüsumunun 10 faizini ödəməkdən azad olunurlar.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin 26-cı məsələsi olan Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat vermək üçün sözü Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərova təqdim edib.
Deputat Kamal Cəfərov məsələyə dair deputatların təklifləri ilə bağlı aparılan iş haqqında məlumat verib. O, hazırda layihədə hər hansı bir dəyişiklik olmadığı üçün sənədin səsə qoyulmasını xahiş edib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov komitələrinin layihə ilə bağlı rəylərini diqqətə çatdırıblar.
Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə əlaqədar Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Komitə sədri qanun layihəsi haqqında əvvəlki oxunuşda ətraflı məlumat verildiyini bildirib. O, dəyişikliyin Hərbi xidmətkeçmə haqqında Əsasnamənin hüquqi əsaslarını daha da möhkəmləndirməsi baxımından vacibliyini vurğulayıb və həmkarlarını sənədi dəstəkləməyə çağırıb.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin plenar iclasının gündəliyində olan məsələlərin müzakirəsi başa çatıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova dünən parlamentdə tibbi tullantıların idarə olunması ilə bağlı çox vacib bir dinləmənin keçirildiyini bildirib və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovdan dinləmə haqqında məlumat verməyi xahiş edib.
Əhliman Əmiraslanov bildirib ki, Səhiyyə komitəsinin “Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda keçirdiyi ictimai dinləmədə Milli Məclisin deputatları, Milli Məclis Aparatının əməkdaşları, Azərbaycan tibb elminin və səhiyyə sahəsinin tanınmış mütəxəssisləri, əlaqədar dövlət strukturlarının, aparıcı tibb müəssisələrinin rəhbər şəxsləri və müvafiq sahənin digər nümayəndələri iştirak ediblər. Komitə sədri dinləmənin keçirilməsi üçün göstərilən dəstəyə və yaradılan şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.
Əhliman Əmiraslanov dinləməyə hazırlıq ərəfəsində Səhiyyə komitəsində deputat Soltan Məmmədovun başçılığı ilə təşəbbüs qrupunun yaradıldığını diqqətə çatdırıb. Bununla əlaqədar qrup bu sahədə müvafiq araşdırmalar, monitorinqlər və mütəxəssislərlə fikir mübadiləsi aparıb. Keçirilən dinləmədə bildirilib ki, Azərbaycanda tibbi tullantıların idarə olunması ilə bağlı son vaxtlar bir çox işlər görülüb. Dinləmədə məlum olub ki, bu sahədə normativ sənədlərin təkmilləşdirilməsinə, yeni yanaşmaların tətbiqinə ehtiyac var. Komitə sədri diqqətə çatdırıb ki, tədbirdə parlament üzvləri tibbi tullantıların idarə edilməsi sahəsinin təkmilləşdirilməsinə qanunvericilik baxımından dəstək göstərməyə hazır olduqlarını bildiriblər.
İclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, parlamentin növbəti plenar iclası dekabrın 26-da keçiriləcək.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI